• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Ahəng qanunu, heca, vurğu

Bu dərsimizdə biz fonetika mövzusunu davam etdirəcəyik.

Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur: a-na, ü-rək, ma-a-rif və s.
Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Sait səslə bitən heca açıq heca adlanır. Məsələn, al-ma, hə-kim, ma-ğa-za və s.
Samit səslə bitən heca isə qapalı heca adlanır. Məsələn, hə-yat, qə-ləm, sev-gi və s.
Hecaların quruluşu aşağıdakı kimidir:
1. Azərbaycan dilində, adətən, samit səs özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: hə-rə-kət, da-ya-na-caq.
2. Sözün ortasında üç samit səs yanaşı gələrsə, adətən, bunlardan ikisi əvvəlki saitə, üçüncüsü isə sonrakı saitə qoşulur: dü-rüst-lük, xoş-bəxt-lik. Bəzi hallarda isə bu cür sözlərdə iki sait arasında gələn üç samitdən birincisi əvvəlinci hecaya, qalan ikisi isə sonrakı saitə qoşulmuş halda hecalanır: sen-tyabr, ok-tyabr, ak-tyor.
3. İki samit səs saitlərin əhatəsindədirsə, bunlardan birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil edilir: dəf-tər, Təb-riz.
4. Qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: gül-lə, ad-dım, toq-qa.
5. Sözlərin daxilində yanaşı gələn dörd samitdən ikisi əvvəlki saitə, digər ikisi isə sonrakı saitə qoşulur: eks-press, trans-krip-si-ya.

Ahəng qanunu

Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, "qaranlıqdakılar" sözündə qalın, "bizimkilərdir" sözündə isə incə saitlər bir-birini izləmişdir. Buna dilçilikdə damaq ahəngi deyilir. Dodaq ahəngi dedikdə isə dodaqlanan və dodaqlanmayan saitlərin ahəngi nəzərdə tutulur.

Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansısa bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır. Məsələn, şi-ka-yət-çi-lər-dən, sa-hib-kar-la-rı-mız-dan-dır və s.
Bu xüsusiyyətinə görə ahəng qanunu morjoloji hadisə sayılır. Sözdəki saitlərin bir-birini izləməsinə görə isə fonetik hadisə sayılır. Bu ikisini də birləşdirərək deyirik ki, ahəng qanunu morfonoloji hadisə adlanır.
Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil. Alınma sözlər də ahəng qanununa tabe ola bilərlər. Məsələn, məktəb, təhsil, karbon, namaz və s.
Milli sözlərimiz içində ahəng qanununa tabe olmayan istisna sözlər də var. Məsələn, ilan, işıq, inam, elat, ilğım, ildırım, ilıq, işartı, ilxı, tikan, sanki, islaq, gedişat, quzey, islanmaq, inanc, işıldamaq, inan, sevda və s.
Milli şəkilçilərimiz ahəng qanununun tələbinə görə iki və dörd cür yazılır. Milli mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya bilər. Məsələn, Aygün, Elnur, taxtabiti, dəvədabanı və s.

Ahəng qanununa görə şəkilçilər 2 yerə bölünür: 2 və 4 cür. Alınma sözlər əsasən ahəng qanununa tabe olmur. Lakin ərəb mənşəli sözlər bəzən ahəng qanununa tabe olur.Əsl Azərbaycan mənşəli sözlər əsasən ahəng qanununa tabe olur. Amma bunlar istisnadır: ilan, işartı, ilıq ,ilxı, ilğım. Ahəng qanununun 3 növü var:
1) Saitlər ahəngi
2) Samitlər ahəngi
3) Saitlərlə samitlərin ahəngi.
Saitlər ahəngi də dilə və dodağa görə iki növü var:
1) Dil ahəngi
2) Dodaq ahəngi.
Dilə görə fərqlənən saitlər də iki cür olur:
1) Arxa sıra ahəngi(qalın saitlər)
2) Ön sıra ahəngi (incə saitlər).

Vurğu

Sözdə hecalardan birinin qalanlarına nisbətən daha qüvvətli tələffüz edilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca isə vurğulu heca adlanır. Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecalara ayırmadan vurğunu əvvəl birinci, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Azərbaycan dili iltisaqi dil olduğu üçün şəkilçilər sözün son hecasına artırılır və söz şəkilçi qəbul edərkən vurğu şəkilçinin üzərinə keçir. Bunun üçün də Azərbaycan dilinin vurğusu keçici sabit vurğu hesab olunur

Əlifba

Azərbaycan əlifbası – 32 hərfdən ibarət latın qrafikalı əlifba. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var. 1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.

Cənubi Azərbaycanda isə bu gün də azərbaycanlılar təkcə fars dilində təhsil aldıqlarına görə ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazma, heç bir qanun keçmədən, bir curm kimi sayılır. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyyatı ilə tanışdırlar.


Əfqanoğlu