• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Cümlə

Cümlə

Bu dərsimizdə biz vacib mövzulardan birinə toxunacağıq - bu cümlə mövzusudur.

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.

Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Cümlə bir sözdən ibarət ola bilər. Məsələn: Gecdir. Yoruldum. Səhərdir. – misralarında cümlə intonasiyası tələffüz edilən Gecdir, Yoruldum, Səhərdir sözləri bitmiş fikir ifadə edərək cümlə kimi formalaşmışdır.

Cümlələr quruluşca sadə və mürəkkəb olur. Sadə cümlələrin yalnız bir qramatik əsası olur. Mürəkkəb cümlələrin iki və daha çox qramatik əsası olur.

Cümlənin məqsəd və intonasiyaya görə növləri

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Məsələn: Dostlar xeyli sakitcə dayandılar. Əşrəf, həddini aşma! – cümlələrində birincisində müəyyən bir iş haqqında məlumat verilir, ikinci cümlədə də danışanın idarəsi ifadə olunur, bir şey tələb olunur.

Deyiliş zamanı cümlə növlərinin fərqlənməsində intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə bu rəngarəngliyi yaratmaqla məqsədimizi aydınlaşdırır. Bu cəhətdən cümlələr üç qrupa ayrılır:

Nəqli cümlə

Sual cümləsi

Əmr cümləsi

Nəqli cümlə

Nəqli cümlə bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir. Nəqli cümlə adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir qədər yüksəlir, sonra tədricən alçalaraq kəsilir. Nəqli cümlə başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən nəqli cümlə vasitəsilə ifadə edirlər. Yazıda nəqli cümlələrin sonunda nöqtə qoyulur. Hiss-həyəcan tələffüz edildikdə nida işarəsindən istifadə edilir.

Sual cümləsi

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir. Yazıda sual cümləsinin sonunda sual işarəsi qoyulur. Sual cümlələrin üç növü var:

1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri.

2. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri.

3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələr. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak edir. Belə cümlələr nəqli cümlələrə yaxın olub, nəqli cümlələrdən xəbərinin son hecasının bir qədər uzun tələffüz olunması ilə fərqənir. Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin cavabında ya həmin cümlələrin özləri - məsələn: Bu elektron kitabdır? – sualına - Bu elektron kitabdır. - cavabını vermək olar ya da onların bir hissəsini təkrar etmək - elektron kitabdır - deyərək, yaxud da bəli, yox, xeyr kimi təstiq və inkar bildirən sözlərlə cavab vermək olar.

Əmr cümləsi

Əmr cümləsi əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəklində ifadə olunur. Bu, əmr cümləsi üçün qramatik göstərici hesab olunur. Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöqtə qoyulur. Lakin əmr cümləsi yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur.

Nida cümləsi

Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Nida cümlələri yeni cümlə növü deyildir. Nəqli, sual və əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri əsasən iki yolla əmələ gəlir:

1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər;

2. Nidaların köməyilə əmələ gələnlər.


Əfqanoğlu