• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Cümlə üzvləri

Cümlə üzvləri

Bu dərsimizdə biz vacib mövzulardan birinə toxunacağıq - bu cümlə üzvləri mövzusudur. Bir-biri ilə həm qrammatik həm də mənaca bağlı olan və müəyyən bir sintaktik suala cavab verən sözlərə cümlə üzvləri deyilir.

Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Aləmşah, deyəsən sən də bu kitabı oxumusan – cümləsində Aləmşah və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qrammatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz - Aləmşah - xitab, ikinci söz - deyəsən - ara söz hesab olunur.

Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.

Cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilində roluna görə iki növə ayrılır:

1. Baş üzvlər: mübtəda və xəbər.

2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.

Mübtəda

Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir. Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Aləmşah (kim?) Bakıya gedir. Onların evləri (nə?) Bakıdadır. Bakı (hara?) küləkli şəhərdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qrammatik cəhətdən heç bir üzvdən aslı deyil.

Xəbər

Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Biz cümlədə söylənilən yeni məlumatı adətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq. Xəbər nə edir? - felin bütün şəkil və zamanlarında, kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir. Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur. Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir. Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması

Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:
Mən yazıram.
Sən yazırsan.
O yazır.
Biz yazırıq.
Siz yazırsınız.
Onlar yazırlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa da bilir, uzlaşmaya da bilir.

Cümlənin ikinci dərəcəli üzvləri

İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Təyin əşya bildirən bütün üzvlərinə - mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə aid ola bilir.

Tamamlıq

Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir. İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur. Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur.

Təyin

Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir. Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

Zərflik

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur.

Zərfliyin məna növləri

Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir.Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır:
1. Tərzi-hərəkət zərfliyi –işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3. Yer zərfliyi –işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.

Cümlə üzvlərinin əlavəsi

Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir. Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur. Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur.
Əlavələr izah etdiyi sözlərdən tire işarəsi ilə ayrılır. Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə isə vergül qoyulur.


Əfqanoğlu