• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Fonetika

Fonetika

Bu dərsimizdə biz fonetika mövzusuna baxacağıq. Azərbaycan dilinin orfoepiya qaydaları, Azərbaycan dilinin orfoqrafiya qaydaları, heca, sözün sətirdən sətrə keçirilməsi, ahəng qanunu, vurğu və əlifbanı araşdıracağıq.

Orfoepiya və orfoqrafiya qaydaları

Orfoepiya termini dilçiliyimizdə heç də yeni söz deyil. Ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran tələffüz qayda-qanunları sistemi orfoepiya adlanır. Orfoepiya anlayışını həm dar, həm də geniş mənada başa düşmək olar. Orfoepiya anlayışını geniş mənada qəbul etmək məqsədə daha uyğundur. Çünki ədəbi tələffüzün əsas cəhətləri, xüsusən bu və ya digər səsin müəyyən fonetik şəraitdə, yəni ayrılıqda, digər həmcins və ya ayrı cins səslə yanaşı olduqda, sözün əvvəlində, ortasında, sonunda olduqda, qrammatik formalarda və söz birləşmələrində yanaşı gəldikdə necə tələffüz edilməsi qayda-qanunları, eləcə də vurğu, intonasiya normaları geniş mənada orfoepiya anlayışı ilə üzvi surətdə bağlı məsələlərdəndir

O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir, feil.
Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.

Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur: a-na, ü-rək, ma-a-rif və s.
Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Sait səslə bitən heca açıq heca adlanır. Məsələn, al-ma, hə-kim, ma-ğa-za və s.
Samit səslə bitən heca isə qapalı heca adlanır. Məsələn, hə-yat, qə-ləm, sev-gi və s.
Hecaların quruluşu aşağıdakı kimidir:
1. Azərbaycan dilində, adətən, samit səs özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: hə-rə-kət, da-ya-na-caq.
2. Sözün ortasında üç samit səs yanaşı gələrsə, adətən, bunlardan ikisi əvvəlki saitə, üçüncüsü isə sonrakı saitə qoşulur: dü-rüst-lük, xoş-bəxt-lik. Bəzi hallarda isə bu cür sözlərdə iki sait arasında gələn üç samitdən birincisi əvvəlinci hecaya, qalan ikisi isə sonrakı saitə qoşulmuş halda hecalanır: sen-tyabr, ok-tyabr, ak-tyor.
3. İki samit səs saitlərin əhatəsindədirsə, bunlardan birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil edilir: dəf-tər, Təb-riz.
4. Qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: gül-lə, ad-dım, toq-qa.
5. Sözlərin daxilində yanaşı gələn dörd samitdən ikisi əvvəlki saitə, digər ikisi isə sonrakı saitə qoşulur: eks-press, trans-krip-si-ya.

Saitlər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü].
Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:
Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
1. Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].
2. İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].
Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
1. Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır.
2. Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].
Dodaqlanan və dodaqlanmayan saitlər:
1. Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır.
2. Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].

Samitlər

Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərində [k'] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x'] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən “k” hərfi ilə göstərilir. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

Kar samitlər

Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Kar samitlər: [p], [k'], [f], [x], [t], [ş], [s], [x'], [k], [ç], [h].

Cingiltili samitlər

Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Cingiltili samitlər: [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r]


Əfqanoğlu