• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Köməkçi nitq hissələri

Köməkçi nitq hissələri

Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, əsasən, leksik şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Köməkçi nitq hissələri: Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida.

Qoşma

İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Qoşmanın 9 məna növü var:1. Birgəlik, vasitə, alət 2. Zaman 3. Məsafə 4. İstiqamət 5. Bənzətmə 6. Fərqləndirmə 7. İstinad 8. Səbəb, məqsəd 9. Aidlik.

Bağlayıcı

Bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Sintaktik funksiyasına görə yəni, cümlədəki vəzifəsinə görə bağlayıcılar iki yerə bölünür:
1. Tabesizlik bağlayıcıları
2. Tabelilik bağlayıcıları

Tabesizlik bağlayıcıları

Tabesizlik bağlayıcıları bərabərhüquqlu üzvləri — cümlənin həmcins üzvlərini, eləcə də tabesiz cümlənin tərəflərini birləşdirir. Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri vardır:
Birləşdirmə bağlayıcıları: və, ilə (-la2).
Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət.
Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə.
İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin.
İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki.
Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn.
İlə hissəciyi qoşma kimi işlənərkən qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur.

Tabelilik bağlayıcıları

Tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir. Tabelilik bağlayıcılarının 4 qrammatik məna növü var:
Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki.
Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki.
Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki.
Aydınlaşdırma bağlayıcıları: ki, belə ki.

Ədat

Ədat sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz. Ədat cümlədə ifadənin səlisləşməsinə kömək edir.
Məgər bunu sizə deməmişdik? — cümləsində məgər ədatı bütövlükdə cümlənin təsir gücünü artırır.
Sən ki belə deyildin cümləsində ki ədatı sən sözünün təsir gücünü artırır. Ədatlar söz və ya cümlələrin mənasını qüvvətləndirməyə xidmət etdiyi üçün onları cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər zəifləyə bilər. Məsələn: Ən gözəl qız gəlsin — Gözəl qız gəlsin. Ədatların qrammatik mənası söz və cümlələrin təsir gücünü artırmağa xidmət etməsidir. Cümlədə ədat işləndikdə qarşı tərəfin — dinləyicinin diqqətini konkret həmin hissəyə yönəldir.

Ədatın mənaca növləri:

Qüvvətləndirici ədatlar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2.
Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl.
Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, təkcə, tək, bircə, bir.
Sual ədatları: məgər, yəni, bəs, -mı4.
Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə.
Arzu ədatları: kaş, kaş ki, təki, barı.
Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox.
Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər.

Modal sözlər

Modal sözlər - danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca aşağıdakı növləri var:

1. Təsdiq bildirənlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür.
Əlbəttə, hər şey yaxşı olacaq. Doğrusu, yadımdan çıxdı.
2. Ehtimal və şübhə bildirənlər: gərək (gərək ki), yəqin (yəqin ki), görəsən, görən, görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), güman ki, olsun ki.
Güman ki, o, sabah gələcək. Bəlkə də, qaytardılar.
3. Nəticə bildirənlər: demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət.
Deməli, yola düşmək lazımdır. Nəhayət, imtahanlar başa çatdı.
4. Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil ki.
Sanki məni görmürdü.
5. Fikrin mənbəyini bildirənlər: məncə, səncə, bizcə, zənnimcə.
Məncə, tezliklə qayıdacaq.
Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur.

Nida

Nida - danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsidir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların müxtəlif məna növləri var:
1. Sevinc,heyranlıq bildirənlər
2. Kədər, narahatlıq,qorxu bildirənlər
3. Çağırış bildirənlər
4. Nifrət,istehza bildirənlər
5. Qəm, kədər bildirənlər
Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər. Bütün nidalar, həmçinin ay, ey nidaları ilə başqa sözün əmələ gətirdiyi nidalar sözdən ayrı yazılır, təkrar yolu ilə işlənən nidalar defislə yazılır. Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi, ortasında gələn nidadan əvvəl və sonra vergül, sonunda gələn nidalardan əvvəl vergül, sonra nida işarəsi və ya nöqtə qoyulur. Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Bəzən çağırış bildirən ey nidasından sonra vergül işlənir: Ey, qərib oğlan, haraya gedirsən?


Əfqanoğlu