• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Nida

Nida

Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların leksik və qrammatik mənaları yoxdur. Nidaların müxtəlif məna növləri var:
1. Sevinc, heyranlıq, qorxu bildirənlər: bəh-bəh, of, ura, paho, oxqay, ay can - ay can. Məs.: Paho! Ay Salam, xoş gördük.
2. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz.
3. Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məs.: A bala, bir bura gəl. Ehey, atlılar, xan evinə gedərsiz...
4. Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məs.: Xox, qorxdum səndən. Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu. 5. Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh və s. Məs.: Ah, keçdi artıq o günlər. Of, əllərin qurusun, cəllad.

Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər.

Nidaların orfoqrafiyası

Nidalar cümlənin əvvəlində, ortasında və axırında işlənə bilər. Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur.

Nidalar sadə - ah, eh, ay, of, əşi və s. - və mürəkkəb olur - ay aman, ay can, xa-xa-xa, of-of, ay-vay. Nidaların bir qrupu digər nitq hissələri ilə qrammatik omonimlik yarada bilir:
Ay - Həm isim - Ay və Yer birlikdə Günəş ətrafında ildə bir tam dövr edirlər., həm nida Ay kişi, daha bəsdir! ola bilir.
Ox – Həm isim - Artıq ox yayından çıxıb., həm nida ola bilir - Ox, necə yorulduğumu bir bilsən!
Ax – Həm fel - Su kimi ax., həm nida ola bilir - Ax, o günlərim..
Oy – Həm fel - Taxtanı yaxşı oy, həm nida ola bilir - Oy, sən nə danışırsan?.

Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Məsələn, Ay Bəyim, hardasan?

Ey nidası ismə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra verğül qoyulur. Məsələn, Ey, bura bax.


Əfqanoğlu