Qanunvericilik dərsləri

Biz bu dərsdən etibarən qanunvericilik dərslərinə başlayırıq. İlkin olaraq biz əlbəttə ki Azərbaycan Respublikasının Konstitusiyası dərslərindən başlayacağıq. Maddələrə başlamazdan əvvəl bir sıra mühüm məqamlar vardır ki, onlar barədə danışmaq istəyirəm, ondan sonra isə keçəcəyik maddələri oxumağa, öyrənməyə, və əlbətdəki onların açıqlaması və komentariyasını müzakirə etməyə.


Dövlət qulluğu

Azərbaycan Respublikasının konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində-referendumda qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
Burada bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Bu məqam əsasən test imtahanları ilə əlaqədardır. Test imtahanlarına düşən sualların tərtibi zamanı yalnız bilik göstəriciləri yoxlanılmır. Düzdür, əsasən bilik səviyyəsinin yoxlanılması üstün götürülsə də, bu test imtahanları vasitəsilə imtahan verənlərin bir növ diqqəti və məntiqi də yoxlanılır. Bunlara çaşdırıcı suallar da deyilir. Məsələn:
"1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir." hansına aiddir?
A) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
B) Azərbaycan Respublikasının Konstitusiya aktına
C) Azərbaycan Respublikasının Mülkü Məcəlləsinə
D) Azərbaycan Respublikasının Konstitusiyasına
E) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə

Bu zaman nə baş verir? Deməli bu sualı bilən imtahan iştirakçısı sualı oxuyarkən artıq söhbətin Azərbaycan Respublikasının Konstitusiyasından getdiyini bilir, və insan beyni bir növ sualın öhdəsindən gəldiyini qəbul edərək rahatlaşır, yəni gücləndirilmiş iş və diqqət rejimindən passiv rejimə keçir. İmtahan iştirakçısının fikri artıq cavabların içərisində "Konstitusiya" sözünü axtarmağa başlayır. Artıq o cavabları sona qədər oxumur, digər variantlara keçmir, diqqət yetirmir, üstəgəl test imtahanda olan vaxt məhdudiyyəti iştirakçını tələsdirir və o fikirləşirki nəyə görə bildiyim bu cür asan suala vaxt itirim, tezbazar bunu qeyd edim keçim digər suala. Bu zaman onun qarşısına çıxan ilk Konstitusiya sözü B varinatında olur və o bu variantı qeyd edib digər variantları oxumadan növbəti suala keçir. Bu bir çoxlarının buraxdığı səhvdir. Yəni iştirakçı bilikli ola bilər, lakin, burada məqam başqadır, beyin passiv rejimdə, rahat rejimdə işlədiyi üçün B variantında söhbətin konstitusiyadan yox, konstitusiya aktından getdiyinə diqqət yetirmir, yəni göz akt sözünü görsə də, bilik konstitusiya ilə konstitusiya aktının fərqli zamanlarda qəbul edilmiş 2 ayrı sənəd olduğunu bilsə də, beyin biliyi və gözün gördüyü akt sözünü iqnor edir. Çünki o bildiyi sualın konstitusiyadan getdiyinə əmindir və cavablar içərisində konstitusiya sözünü tapıb, bir növ əminliyini təsdiqləyib, təsdiqləməklə də daha da rahatlaşıb və bu məsələ barədə artıq fikirləşmir. Belə bir vəziyyətdə beyini oyatmağın, yəni aktiv, diqqətli rejimə keçməsi üçün əminlikdən şübhəyə yönəldəcək bir məqam ortaya çıxmalıdır. Əks təqdirdə iştirakçı bildiyi sualı səhv qeyd edəcək. Şübhəyə keçməsi üçün isə D variantındakı düzgün olan ikinci konstitusiya sözünü görməlidir. Bunun üçün də test imtahanlarında sualları sonadək və diqqətlə oxumaq lazımdır. Bu bir növ şok effekti kimi beyini gücləndirilmiş rejimə avtomatik keçirdəcək. Bu zaman iştirakçı bir anlıq özünü itirir, nə baş verdiyini aydınlaşdırmağa başlayaraq sualı yenidən oxuyur, sualı düzgün başa düşdüyünə əmin olduqdan sonra variantlar içərisində niyə 2 konstitusiya variantının olduğunu araşdırmağa başlayır və variantları yenidən amma bu dəfə diqqətlə oxuyur və dügün cavabı seçir. Uzun sözün qısası burada demək istədiyim odur ki, istənilən sualı diqqətlə və sona qədər oxuyun. Bildiyiniz asan sual belə olsa cümlələri sona qədər oxuyun, variantları sona qədər oxuyun, sualın inkarda və ya təsdiqdə verilməsinə diqqət yetirin.

İndi isə keçək digər bir məqama - Bir çoxları Azərbaycan Respublikasının konstitusiyasının qəbul edilməsi və qüvvəyə minməsi tarixlərində də səhvlərə yol verirlər. Məsələn:
Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qüvvəyə minib?
A) 1995-ci il noyabrın 12-də
B) 1991-ci ilin oktyabrın 18-də
C) 1991-ci ilin avqustun 30-da
D) 1918-ci ilin mayın 28-də
E) 1995-ci il noyabrın 27-də

Bir çoxları 1995-ci il noyabrın 12-də referendumda qəbul edilən tarixi seçirlər. Lakin, suala diqqət yetirmirlərki, onlardan qəbul olunma tarixi deyil, qüvvəyə minmə tarixi soruşulur. Yeri gəlmişkən qüvvəyə minmə və qəbulolunma barədə də bilməyənlər üçün qısaca məlumat verim. Hər bir normativ hüquqi sənəd hazırlandıqdan sonra qəbul olunur. Lakin, bütün qanunlar qəbul olunduğu gün qüvvəyə minmir. Qüvvəyyə minmə tarixləri qəbul olunan gün də ola bilər, özündə göstərildiyi hər hansı bir tarix də ola bilər. Əgər hər hansı bir tarix qeyd edilməyibsə o zaman dərc edildiyi gündən qüvvəyə minir. Beləliklə, istənilən qanun qəbul edilə bilər, lakin o qüvvəyə minməmiş ona istinad oluna bilməz və tətbiq edilə bilməz.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı

İndi isə Konstitusiya Aktı barədə qısaca məlumat verim, çünki bir çoxları və əsasən də yeni başlayanlar Konstitusiya aktı ilə Konstitusiyanın eyni şey olduğunu zənn edir. Bildiyimiz kimi, 1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa edir və özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edir. O zaman belə bir sual ortaya çıxır – bəs müstəqilliyi bərpa edən gündən ölkə ərazisində hansı qanunlar tətbiq edilib? Yəni qanunlarımız necə olub? Konstitusiyamız necə olub? Yoxsa əvvəlki sovet qanunlarını tətbiq etməyəmi davam etmişik? Əgər elə olubsa o zaman işğalçı ölkə adlandırdığımız SSRİ-nin qanunlarından istifadə etmək nə dərəcədə düzgün idi? Tarixə baxsaq 1991-ci ildə müstəqilliyimizi bərpa etmişik, lakin, ən ali qanunumuz olan Konstitusiyanı isə 1995-ci ildə qəbul etmişik. Bəs 1991-ci ildən 1995-ci ilə qədər bizim Azərbaycan Respublikasının Konstitusiyası nə olub? Məlum məsələdir ki, qanunların hazırlanması və qəbul edilməsi 1 günə, 1 aya həll ediləsi bir şey deyil, 90-cı illərdəki vəziyyəti də, müharibəni də nəzərə alsaq əlbətdəki bu proses bir neçə il vaxt tələb edirdi. Yenə də tarixə nəzər salsaq, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir. Məhz bu Konstitusiya Aktında göstərilir ki, bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Konstitusiya Aktı ümumilikdə 6 fəsil və cəmi 32 maddədən ibarətdir. Bu maddələr qısaca olaraq gələcəkdə hazırlanacaq Azərbaycan Respublikası Konstitusiyası və digər qanunları üçün baza xarakteri daşıyırdı. Konstitusiya aktının 4-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır. Və 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanıb qüvvəyə minəndən sonra onun "Keçid müddəaları" adlanan hissəsinin 1-ci bəndində qeyd edilir - Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qüvvədən düşür. Beləliklə, qısaca olaraq deyim ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və Azərbaycan Respublikasının Konstitusiyası eyni deyil, tam ayrı, fərqli sənədlərdir.

Preambula

Azərbaycan Respublikasının konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən və 12 bəndlik keçid Müddəasından ibarətdir. Bundan əlavə Azərbaycan Respublikasının Konstitusiyası Preambula adlanan ön söz, yəni giriş hissədən ibarətdir. Dünya dövlətlərinin konstitusiyalarında olduğu kimi Azərbaycan Respublikasının Konstitusiyasında da "preambula" heç bir hüquqi norma müəyyən etmir. Lakin, orada, bir qayda olaraq, əsas qanunun qəbul edilməsinin məqsədi və bir sıra mühüm niyyətlər bəyan olunur. Preambulada əks olunan məsələlər son dərəcə mühüm sosial, iqtisadi, siyasi, ideolоji və hüquqi əhəmiyyət kəsb etməklə konstitusiyanın mahiyyətinin düzgün başa düşülməsində və onun tətbiqində vacib rol oynayır və məhz preambulada bəyan edilən niyyətlər özündə dövlət tərəfindən başlıca öhdəlik kimi yerinə yetirilməli olan əsas məqsəd və vəzifələri ehtiva edir.

"Ümumi müddəalar" bölməsi

Dediyimiz kimi Azərbaycan Respublikasının konstitusiyası 5 bölmədən ibarətdir. I bölmə Ümumi müddəalar bölməsi adlanır. I bölmə 2 fəsildən ibarətdir: Xalq hakimiyyəti adlı ilk fəsil 1-6-cı maddələri əhatə edir və bu fəsildə xalq hakimiyyətinin başlıca prinsipləri və əlamətləri, eləcə də onun mahiyyəti açıqlanır. Dövlətin əsasları adlı ikinci fəsil isə 7-23-cü maddələri əhatə edir və bu fəsildə dövləti səciyyələndirən əsas elementlərin xüsusiyyətləri və onun fundamental əsasları ilə bağlı məsələlər tənzimlənir. Adından göründüyü kimi ümumi müddəalar ümumi xarakterli məsələlərin tənzimlənməsinə həsr olunmuşdur. Belə ki, həmin müddəalar xalq hakimiyyətinin ən mühüm məsələlərini, dövlətin iqtisadi, sosial, siyasi və hüquqi əsasları ilə bağlı ən ümdə və fundamental münasibətlərini tənzimləyir. Ümumi müddəalar başlanğıc, ilkin müddəalar olmaqla proqram xarakterinə malik olub Azərbaycan Respublikasının Konstitusiyasının digər maddələrində, eləcə də Azərbaycan Respublikasının bütün qanunvericilik aktlarının normalarında konkretləşdirilir, inkişaf etdirilir və daha geniş şəkildə açıqlanır. Bu spesifik xüsusiyyətlərinə görə ümumi müddəaları nəinki Azərbaycan Respublikasının Konstitusiyasının, bütövlükdə Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası, obrazlı şəkildə desək, onun "qida mənbəyi" adlandırmaq olar. Konkret nümunələrlə fikrimizə aydınlıq gətirək: Məsələn, Azərbaycan Respublikasının həcmcə ən böyük qanunvericilik aktı hesab edilən Mülki Məcəllə 1325 maddədən ibarətdir, Azərbaycan Respublikasının Konstitusiyasının həmin "proqram xarakterli" bölməsinin yalnız iki maddəsi üzərində qurulmuşdur (13-cü maddə - mülkiyyət və 15-ci maddə - iqtisadi inkişaf və dövlət). Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi (mülkiyyət hüququ) də 13-cü maddədən törəmədir. Bu deyilənləri Azərbaycan Respublikasının Konstitusiyasının ümumi müddəalarının bütün maddələri barədə söyləmək olar.

Xalq hakimiyyəti

Beləliklə, başlayaq birinci fəslə. Xalq hakimiyyəti dedikdə, xalqın bilavasitə iradəsi ilə formalaşan və xalqın istəyi və arzusu əsasında təşkil edilən dövlət hakimiyyəti başa düşülür. Məhz demokratiyanın əsas qayəsi xalqın iradəsinin ifadəsi kimi xalq hakimiyyətinin yaradılmasına nail olmaqdır. Müasir dövrdə demokratiyanın fundamenti hesab edilən xalq hakimiyyəti konstitusion quruluşun əsası sayılır. Beləliklə, bu fəsil (1-7-ci maddələr) xalq hakimiyyətinin mənbəyini, xalqın suverenliyini, ümumxalq səsverməsi – referendum yolu ilə həll edilən məsələləri, xalqı təmsil etmək hüququnu, xalqın vahidliyini və hakimiyyətin mənimsənilməsinə yol verilməməsini müəyyən edir.

Dövlət qulluğuna hazırlıq

Dövlət qulluğuna hazırlıq

Maddə 1. Hakimiyyətin mənbəyi

I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

Maddənin birinci hissəsinə əsasən Azərbaycan Respublikasıda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni, hakimiyyət öz gücünü, öz leqitimliyini hardan götürür xalqdan götürür. Beləliklə, xalq dövlətə hakimiyyət verir. Başqa sözlə, maddədə hakimiyyətin xalqa mənsubluğundan, yəni xalq hakimiyyəti prinsipindən danışılır. Bu o deməkdir ki, dövlət hakimiyyəti yalnız xalqın iradəsi əsasında həyata keçirilməli, dövlət idarəçiliyi xalqdan qaynaqlanmalı və daima xalqın nəzarəti altında olmalı, hakimiyyətdə təmsil olunanlar xalq qarşısında hesabat verməlidir. Deməli burada söhbət demokratiyadan gedir. Demokratiya özü də 2 sözdən ibarət olub – Demos – xalq, kratos – hakimiyyət deməkdir. Yəni xalqın hakimiyyəti. Deməli, birinci maddənin birinci hissəsi açıq şəkildə bəyan edir ki, Azərbaycan Respublikası demokratik dövlətdir. Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq müəyyən olunması ümumıyyətlə, respublika idarəçilik formasına malik olan dövlətlərin spesifik xüsusiyyətidir.

Maddənin ikinci hissəsinə əsasən Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir. Bu müddəa Konstitusiya Aktının 8-ci maddəsinin eynisidir, olduğu kimi köçürülüb konstitusiyanın 1-ci maddəsinin ikinci hissəsinə. Göründüyü kimi həmin müddəa Azərbaycan xalqının tərkibini müəyyən edir. Belə ki, Azərbaycan xalqı dedikdə, Azərbaycan Respublikası vətəndaşları başa düşülür. Deməli, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan xalqının tərkibinə daxil deyil. Buradan isə aydın olur ki, Azərbaycan Respublikasının konstitusiyasında xalq məfhumu ilə vətəndaşların məcmusu üst-üstə düşür, yəni xalq ilə vətəndaş eyni şeydir. Azərbaycan Respublikasının konstitusiyasında "Azərbaycan xalqı" ifadəsi dövlət hüququ termini kimi işlədilir və o, "Azərbaycan Respublikası vətəndaşları"-nı ifadə edir. Göründüyü kimi, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan Respublikası vətəndaşı Azərbaycan xalqının tərkibinə daxildir, bu şəxs milliyyətcə alman, fransız, rus və s. ola bilər. Azərbaycan Respublikasının konstitusiyasının "AR-ın vətəndaşları Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılırlar" müdəası Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olan bütün qanunlara əməl etməyə, eləcə də dövlət qarşısındakı öhdəliklərini yerinə yetirməyə borclu olması mənasını ifadə edir. Vətəndaşlar tərəfindən qanunlara əməl edilməməsi, habelə qanunla nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsi onun xarakteri və ağırlıq dərəcəsindən asılı olaraq, ayrı-ayrı məsuliyyət növlərinə - intizam, inzibati, mülki və cinayət məsuliyyətinə səbəb ola bilər.
Maddədəki, "bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir" müddəası isə o deməkdir ki, "Azərbaycan xalqı respublika ərazisində, eləcə də ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan AR-ın vətəndaşlarından ibarətdir" konstitusiya hüquq norması beynəlxalq hüququn müəyyənləşdirdiyi normaların tətbiqini məhdudlaşdırmır və ya onların tətbiqinə maneəçilik törətmir və onlar beynəlxalq hüquqla müəyyən edilən normalara uyğunlaşdırılmış qaydada əsas götürülür. Yəni, sadə dillə desək vətəndaş həm Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılır, həm də beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalara tabe sayılırlar.

Maddə 2. Xalqın suverenliyi

I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Azərbaycan Respublikasının konstitusiyasına görə Azərbaycan xalqının suverenliyi dedikdə, aşağıdakılar başa düşülür:
1. Sərbəst və müstəqil öz müqəddaratını həll etmək;
2. Öz idarəetmə formasını müəyyən etmək.
Yəni Azərbaycan xalqı öz taleyini özü həll edir və öz idarəetmə formasını özü seçir, respublikamı olacaq, yoxsa monarxiyamı olacaq. Azərbaycan xalqı 12 noyabr 1995-ci ildə konstitusiyasını qəbul edərkən respublika idarəçilik formasını seçmişdir.

Sərbəst və müstəqil öz müqəddaratını həll etmək dedikdə, kənardan heç bir təzyiqə və təsirə məruz qalmadan, azad iradə əsasında dövlət və ictimai həyatın köklü məsələlərini həll etmək, müstəqil şəkildə dövlət siyasətinin istiqamətini, onun orqanlarının tərkibini formalaşdırmaq və dövlət hakimiyyətinin fəaliyyətinə sərbəst olaraq nəzarət etmək hüququ başa düşülür.

Öz idarəetmə formasını müəyyən etmək dedikdə, ali dövlət hakimiyyəti orqanlarının strukturunu, bu orqanların təşkili və onlar arasındakı səlahiyyət bölgüsü qaydasını formalaşdırmaq başa düşülür. Dövlət idarəçiliyinin iki forması var: Monarxiya və Respublika.

Seçilmiş nümayəndələr dedikdə, seçkilər yolu ilə seçilən Milli Məclisin deputatları və prezident başa düşülür.

Ümumi seçki hüququ dedikdə, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ başa düşülür.

Bərabər seçki hüququ dedikdə, vətəndaşların seçkilərdə və referendumda bərabər əsaslarla iştirak etməsi, Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsə malik olması, Vətəndaşların hər bir səsinin eyni hüquqi qüvvəsinin olması başa düşülür.

Birbaşa seçki hüququ dedikdə, vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verməsi; və başqa şəxslərin yerinə səs verilməsinin qadağan olunması başa düşülür.

Sərbəst səsvermə dedikdə, seçicinin heç bir kənar təsirə və təzyiqə məruz qalmadan, azad və mistəqil şəkildə səsverməsi başa düşülür.

Gizli səsvermə dedikdə, seçkilər və referendum zamanı seçicinin iradəsinin ifadəsi üzərində hər cür nəzarətin yolverilməz olması başa düşülür.

>

Şəxsi səsvermə dedikdə, seçicinin səsvermə hüququnun şəxsi xarakterə malik olması başa düşülür.

Maddə 3. Ümumxalq səsverməsi - referendum yolu ilə həll edilən məsələlər

I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfv etmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Bu maddənin I hissəsinə əsasən ümumиyyətlə, Azərbaycan xalqının hüquqlarına təsir edən və yaxud onun mənafeyinə toxunan istənilən məsələ referendumla həll edilə bilər, həll edilməlidir yox!

Maddə 4. Xalqı təmsil etmək hüququ

Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Burada bir məqamı nəzərinizə çatdırım testlərdə xalqı sözü əvəzinə Azərbaycan Respublikası və ya dövləti sözləri də işlədilə bilər. Diqqətli olun, bu sizi çaşdıra bilər. Xalqın seçdiyi səlahiyyətli nümayəndələr xalqı təmsil edir, xalqın adından danışır və xalqın adından müraciət edir.

Maddə 5. Xalqın vahidliyi

I. Azərbaycan xalqı vahiddir.
II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.

Azərbaycan xalqının vahidliyi dedikdə, onun əsasını tяшkиl edən vətəndaşların bir-birinə harmonik bağlılığı və bölünməzliyi başa düşülür. Məlum olduğu kimi AR чoxmillətli ölkədir. Onlar Azərbaycan Respublikası Konstitusiyasının müəyyən etdiyi bütün hüquq və azadlıqlardan heç bir məhdudiyyət qoyulmadan sərbəst və müstəqil шəkildə istifadə edirlər.

Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Bu maddəni sadə dil ilə şərh etsək – uzurpasiya qadağandır deməkdir. Uzurpasiya sözü də – latınca “usurpatиo” sözündən olub mənası "zəbt edirəm", "ələ keçirirəm" deməkdir.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.