Rus dilində sözlərin hecalara bölünməsi
Biz rus dili kursu növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz rus dilində heca və sözlərin sətrdən sətrə keçirilməsi mövzusunu araşdıracağıq.
Nə üçün sözü sətrdən sətrə keçirtmək lazımdır və sözlər sətrdən sətrə necə düzgün keçirilir? Heca nədir? Rus dilində sözü hecalara necə bölmək olar? kimi suallara bu dərsimizdə aydınlıq gətirəcəyik. Rus dilində sözləri hecalara bölmək bir qədər çətindir və biz bu dərsimizdə bu tapşırığın öhdəsindən səhvsiz necə gələcəyimizi öyrənəcəyik. Əslində heca və sözlərin sətrdən sətrə keçirilməsi bir biri ilə əlaqəli olsalar da ayrı-ayrı mövzulardır və əslində bunları biz ayrı-ayrı dərsdə keçməli idik. Sadəcə olaraq belə qənaətə gəlindi ki, bu iki mövzunu kompleks halda bir dərsdə keçilsin. Burada bəzi məqamlar var ki, Azərbaycan dilindən fərqlənir, Azərbaycan dilində heca bölgüsü və sözlərin sətrdən sətrə keçirilməsi çox asandır, beləki, söz necə hecalara bölünürsə o qaydada da sətrdən sətrə keçir. Rus dilində sözlərin hecalara bölünməsi qaydalarında isə bəzi fərqli məqamlar vardır. Bu məqamları da dərsimizin gedişində öyrənəcəyik. Ona görə də mövzunun asan dərk edilməsi və öyrənilməsi üçün bu iki mövzunu bir dəsrdə öyrənilməsinin sizə daha faydalı və asan olacağı qənaətindəyik.
Rusca heca bölgüsü
Bildiyimiz kimi, tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Beləliklə sözlər hecalara bölünür. Heca bir səs və ya bir neçə səsin ağız boşluğunda havanın bir nəfəslə itələnməsi ilə tələffüz olunur. Məsələn: "во-да," "на-у-ка."
Burada bir məqama da toxunum - əgər heca iki və ya daha çox səsdən ibarətdirsə, o zaman, o, mütləq samitlə başlayır.
Rus dilində hecalar açıq və qapalı hecalara bölünür. Sait səslə bitən hecalara açıq hecalar deyilir: "Во-да, стра-на." Samit səslə bitən hecalar isə qapalı hecalardır: "Сон, лай-нер."
Bir vaxtlar rus dilində yalnız açıq hecalar var idi. Dilin inkişafı prosesi zamanı bir sıra saitlər əlifbadan çıxmış, bu da hecaların sayının azalmasına, bəzilərinin isə qapalı hecalara çevrilməsinə səbəb olmuşdur.
Rus dilində açıq hecalar daha çoxdur. Qapalı hecalar adətən sözün sonunda rast gəlinir: "но-чник" (birinci heca açıq, ikincisi qapalı) "о-бо-док" (ilk iki heca açıq, üçüncüsü qapalı)
Sözün ortasında heca adətən sait səslə bitir, saitdən sonrakı samit və ya samitlər qrupu adətən növbəti hecaya keçir: "Но-чник, по-ддать, ди-ктор."
Rus dilində sözün sətrdən sətrə keçirilməsi
Mətni düzgün qeyd etməyin yollarından biri sözün sətrdən sətrə düzgün keçirilməsidir. Rus dilində sözün sətrdən sətrə keçirilməsi qaydaları sözün həmişə bir sətirdə tamamilə yazıla bilmədiyi zaman istifadə olunur. Rus dilində sözlər sətrdən sətrə keçirilməsi orfoqrafiya qaydalarından istifadə etməklə hecalara bölünməklə növbəti sətrə keçirilir.
Sözlərin sətrdən sətrə keçirilməsi sözün mətndə elə bölünməsidir ki, onun başlanğıc hissəsi bir sətirdə qalır, son hissəsi isə digər sətrə keçir. Rus dilində sözlərin sətrdən sətrə keçirilməsi "Перенос слов" adlanır. Şifahi nitqdə belə bölgü heç bir şəkildə əks olunmur, yazıda isə sözün birinci hissəsindən sonra "-" işarəsi qoyulur.
Sözün sətrdən sətrə keçirilməsi həm əlyazma, həm də çap mətnlərində istifadə olunur. Onun əsas vəzifəsi mətnin sətirlər üzrə və ya sütunda bərabər paylanması və mənanı itirmədən mətnin gözəl və düzgün tərtibatıdır. Rus dilində sözün sətrdən sətrə keçirilməsi qaydaları orfoqrafiya qaydalarına aiddir.
Rus dilində səslənmməsinə görə müxtəlif cür eşidilən səslər var: sait səslər samitlərlə müqayisədə daha səsli tələffüz olunur. Məhz sait səslər heca əmələ gətirən səslərdir. Yəni hecada sait səs mütləq olmalıdır, beləki, hecanın əsasını məhz sait səslər təşkil edir. Samit səslər heca əmələ gətirməyən səslərdir. Sözü tələffüz edərkən samitlər saitlərə birləşərək, saitlərlə birlikdə hecanın tərkib hissəsi olur. Deməli, bir sözdə neçə sait səs varsa, bir o qədər də heca vardır.
Heca bir səsdən və ya bir neçə səsdən ibarət ola bilər. Bir səsdən ibarət olduqda əlbəttə ki, bu səs hökmən sait səs olacaqdır. Bir neçə səsdən ibarət olduqda isə onun biri hökmən sait digəri və ya digərləri samit səslər olacaqdır. Məsələn: "Ободок – о-бо-док;" "страна – стра-на;" "ночник – но-чник;" "миниатюра – ми-ни-а-тю-ра."
Bəzən yazıda bir sözdə iki samit hərf ard-arda yazıla bilər, amma tələffüz zamanı bir samit səs kimi tələffüz oluna bilər, məsələn: "изжить" - [ иж:ы́т’ ] Belə halda iki heca ortaya çıxır: "и-зжить". Indi isə gəlin bu sözün başqa cür bölünməsi halına baxaq: "из-жить" "из-жить" sözünün bu cür hissələrə bölünməsi halı hecalara görə deyil, sözün sətrdən sətrə keçirilməsi qaydalarına əməl olunaraq hissələrə bölünməsidir. Deməli rus dilində sözü hecalara ayırmaq və sətrdən sətrə keçirmək üçün ayırmaq, iki tam fərqli şeylərdir.
Eyni şeyi "уезжать" felinin nümunəsində də görmək olar, burada "зж" samitlərinin birləşməsi bir səs kimi yəni [ ж: ] səsi kimi tələffüz olunur. Buna görə də hecalara görə bölgü: "у-е-зжать"kimi olacaq, sətrdən sətrə keçirmək üçün bölgü isə: "уез-жать" kimi olacaq.
Xüsusilə tez-tez səhvlərə sonluğu "- тся", "- ться" ilə bitən fel formalarında hecaların bölgüsü zamanı müşahidə olunur: "вить-ся", "жмёт-ся", sözlərinin bu cür bölgüsü hecalara görə bölünmə deyil, sətrdən sətrə keçirilməsi üçün olan bölgüdür. Çünki belə formalarda "- тся", "- ться" hərflərinin birləşməsi bir səs kimi, yəni [ ц ] səsi kimi tələffüz olunur. Hecalara bölündükdə isə "- тся", "- ться" hərflərinin birləşmələri bütünlüklə növbəti hecaya keçir: "ви-ться,", "жмё-тся.",
Rus dilində hecalara görə bölgü və sətrdən sətrə keçirilmək üçün olan bölgü çox vaxt üst-üstə düşmür. Rus dilində sözü hecalara ayırmaq və sətrdən sətrə keçirmək üçün ayırmaq iki fərqli şeylərdir. Gəlin indi başqa bir qaydaya baxaq: Əgər sözdə qoşa samit varsa, sətirdən sətrə keçən zaman qoşa samitlərdən biri sətrdə qalır, ikincisi isə növbəti sətrə keçir. Hecalara bölündükdə isə qoşa samitlər həmişə eyni hecada qalırlar. Məsələn: Hecalara görə bölgü: "бе – ссо- нный", "а – ка – ци – я"; Sətrdən sətrə keçirmək üçün bölgü: "бес – сон – ный", "ака – ция".
Burada incə bir məqama da toxunmaq istəyirəm. Sözün ortasında bir birinin ardınca gələn samitlərin heca bölgülərində fərq var: 1. Əgər sözün ortasında bir birinin ardınca gələn samitlər qoşa samitdirsə o zaman onlar mütləq, yəni, həmişə növbəti hecaya keçir: "О-ттечь", "да-нный". 2. Əgər sözün ortasında bir birinin ardınca gələn samitlər qoşa samit deyilsə o zaman onlar həmişə yox adətən növbəti hecaya keçir: "Ша-пка", "ра-вный". Burada nəyə görə adətən dedim, çünki istisna hallar vardır ki, sözün ortasında bir birinin ardınca gələn və qoşa olmayan samitlərdən birincisi cütlük təşkil etməyən - "р, рь, л, ль, м, мь, н, нь, й" samitləridirsə o zaman, hecalara bölən zaman bu samitlərdən biri bir hecada qalır, digəri isə növbəti hecaya keçir. Məsələn: "Мар-ка", "зорь-ка", "бул-ка", "дам-ка", "бан-ка", "бань-ка", "лай-ка".
Beləliklə, rus dilində sözü hecalara ayırmaq üçün olan bölgü və sətrdən sətrə keçirilmək üçün olan bölgü çox vaxt üst-üstə düşmür.
Növbəti məqama baxaq, biz daha öncə dedik ki, qoşa samitli sözləri sətrdən sətrə keçirən zaman onlardan biri sətrdə qalır digəri isə növbəti sətrə keçir. Məsələn: "колон-на", ( Səhv variant"коло-нна"); "мас-са", ( Səhv variant"ма-сса"). Lakin, burada müstəsna hal vardır. Bu müstəsna hal da ondan ibarətdir ki, əgər rus dilində söz kökü qoşa samitlərlə başlayarsa, o zaman, bu samitlərin hər ikisi növbəti sətrə keçir. Məsələn: "разо-жжённый"; "по-ссориться"; "ново-введение".
İndi isə rus dilində mürəkkəb sözlərin sətrdən sətrə keçirilməsi qaydasına baxaq. Mürəkkəb sözlər tərkib hissələrinə görə ayrılır və sözdə birləşdirici sait varsa, sətrdən sətrə keçirilən zaman o, birinci sətirdə qalır: "зем-снаряд"; "зав-хоз"; "путе-провод"; "птице-фабрика"; "лесо-степь".
Ümumilikdə qeyd etmək lazımdır ki, əksər hallarda rus dilində sözlərin sətirdən sətrə keçirilməsi zamanı heca bölgüsünə əsaslanır. Bu zaman "ъ, ь, й" hərfləri özündən əvvəl gələn hərfə bitişik qalırlar: "Разъ-езд"; "синь-ка"; "мой-ка".
Ayrılıqda hecaya bölünsə belə tək olan hərfləri sətrdə saxlamaq və ya növbəti sətrə keçirmək olmaz: "Обо-док".
Onu da təkrar qeyd etmək lazımdır ki. aydın məsələdir ki, sözün saitsiz olan hər hansı bir hissəsi nə sətrdə qala bilər nə də növbəti sətrə keçirilə bilər: "стра-ус", ( Səhv variant"ст-раус").
Rus dilində bəzi sözləri hecalara görə bir sətrdən başqa sətrə keçirmək olmur. Gəlin indi onları ətraflı araşdıraq: 1. Birhecalı sözlər sətrdən sətrə keçirilmir: "тигр", "дом", "хлам". 2. Tərkibindəki sait səs ayrılıqda müstəqil olaraq heca əmələ gətirən ikihecalı sözlər: "э-маль", "у-кол", "о-браз", "со-я". 3. Rəqəmlərin və hərflərin birləşməsindən ibarət sıra nömrələri bir sətirdən digərinə keçirilmir: "2-ой", "16-ый", "1970-ый". 4. Eyni zamanda rəqəmlər və vahidlər qeyd edilən sözlər də bir sətirdən digərinə keçirilmir: "5 км", "7 кг". 5. Abriviaturalar da növbəti sətrə keçirilmir: "КГБ", "ГЭС", "СССР".
Beləliklə, bu dərsimizi də burada yekunlaşdırırıq. Bu dərsimizdə biz rus dilində heca və rus dilində sözlərin sətirdən sətrə keçirilməsi qaydalarını öyrəndik.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.