И və Ы hərfləri
Bu dərsimizdə biz rus И və Ы hərflərinin düzgün yazılış və tələffüz qaydalarını araşdıracağıq.
Salam dostlar. Biz rus dili kursu üzrə növbəti qrammatika dərsimizə başlayırıq. Bu dərsimizdə biz Rus dilində hərflərin düzgün yazılış qaydası mövzusunu davam etdirərək, И və Ы hərflərini araşdıracağıq. "И" saiti ilə əlaqədar bir məqama toxunmaq istəyirəm, bu hərf "ж", "ш" və "ц" samitlərindən sonra [ы] səsi kimi tələffüz olunur. Məsələn: "Шил" [шы́л], "жил" [жы́л], "цирк" [цы́рк].
"Ы" hərfi keçən dərsimizdə dediyimiz kimi sözlərin əvvəlində işlənmir, yəni rus dilində elə bir söz yoxdurki o söz "Ы" hərfi ilə başlasın. Lakin, ola bilərki sizin qarşınıza elə bir söz çıxsın ki bu söz "Ы" hərfi ilə başlaya bilər, onda bilin ki, bu söz rus sözü deyil, sadəcə olaraq bu xarici sözün rus dilində originala uyğun düzgün tələffüz olunması üçün sözün əvvəlində "Ы" hərfi istifadə edilmişdir.
Ц hərfindən sonra gələn saitlərin düzgün yazılış qaydası
İndi isə "Ц" hərfindən sonra gələn saitlərin düzgün yazılış qaydasına baxaq. Qədim rus dilində "Ц" səsi yumşaq hərf idi. Lakin, zaman keçdikcə ədəbi dildə artıq bu səs sərtləşdi. Bu səbəbdəndir ki, "Ц" hərfindən sonra hansı saitin gəlməyindən asılı olmayaraq [Ц] səsi hər zaman sərt tələffüz olunur. Məsələn: "Цинга" [цынга́], "Цюрих" [Цу́р’их].
"Ц" hərfindən sonra gələn saitlərin qeydiyyatı müəyyən qaydalara müvafiq aparılır. Bu da əsasən tarixi səbəblərlə əlaqələndirilir. Gəlin bu qaydalara baxaq: 1. İlk olaraq "Ц" hərfindən sonra gələn "А", "Я", "У", "Ю", "Е", "Э" hərflərinin yazılma qaydalarına baxaq: a) "Ц" hərfindən sonra "А", "У" və "Е" sait hərfləri yazılır: "Цапля", "целый" b) "Я", "Ю" və "Э" sait hərfləri isə "Ц" hərfindən sonra yalnız alınma xüsusi isimlərdə yazıla bilər: "Цюрих", "Цявловский", "Коцюбинский". Beləliklə, əgər "Ц" hərfindən sonra "Я", "Ю" və "Э" sait hərfləri gələrsə, deməli bu sözlər alınma xüsusi isimlərdir.
İkinci qaydaya, yəni "Ц" hərfindən sonra gələn "Ы", "И" hərflərinin yazılma qaydalarına baxaq: 1. Sözün kökündə "Ц" hərfindən sonra "И" hərfi yazılır. Məsələn: "панцирь", "цинга", "дефицит", "Сицилия", "Цицерон". Lakin, bəzi istisna hallar vardır ki, bu sözlərdə "Ц" hərfindən sonra "Ы" hərfi yazılır. Məsələn: "цыган", "цыплёнок", "цыц", "на цыпочках", və bu sözlərdən düzələn düzəltmə sözlərdə. Məsələn: "цыганить", "цыкнуть", "цыпки " və s. Eyni zamanda bəzi xüsusi isimlərdə də "Ц" hərfindən sonra "Ы" hərfi yazıla bilər. Məsələn: "Цыбин", "Харцызск" və s. 2. Sözlərin suffikslərində "Ц" hərfindən sonra "И" hərfi yazılır. Məsələn: "демонстрация", "электрифицировать", "электрифицированный " və s. Lakin, "-ын" sifət şəkilçisi ilə işlənərkən "Ц" hərfindən sonra "Ы" hərfi yazılır. Məsələn: "птицын", "царицын" və s. 3. Və əlbəttdəki yenə də xüsusi isimləri də nəzərə almaq lazımdır. Xüsusi isimlərdə "Ц" hərfindən sonra "Ы" və ya "И" hərfi işlədilə bilər. Məsələn: "Вицин", "Цицин", "Синицын", "Лисицын" və s.
İndi isə "Ц" hərfindən sonra gələn "Е", "Ё" və "О" hərflərinin işlənmə qaydalarına baxaq: 1. "Ё" hərfi "Ц" hərfindən sonra yazılmır. 2. "Ц"hərfindən sonra "О" hərfi hər zaman vurğu ilə tələffüz olunur. Və bu qayda hərflərin sözün kökündə və yaxud sonunda və ya şəkilçidə işlədilməsindən asılı olmayaraq hər zaman vurğu altına düşür. Məsələn: "цо́коль", "танцо́р", "кольцо́". "Ц" hərfindən sonra "Е" hərfi isə tam əksinə heç zaman vurğu ilə tələffüz olunmur. Məsələn: "танцева́ть", "кольцево́й", "блю́дце". Burada müqayisə də edə bilərik: "танцо́р - танцева́ть", "кольцо́ - кольцево́й". Biz dedik ki, "Ц" hərfindən sonra "О" hərfi hər zaman vurğu ilə tələffüz olunur. Lakin, istisna hallarda vardır, bunlardan birincisi "цо́кот" sözündən düzələn sözlərdə "Ц" hərfindən sonra "О" hərfi vurğusuz işlədilir. Məsələn: "цокотуха", "цокотать" və s. Və əlbəttdə bəzi alınma sözlər də vardır ki burada da vurğusuz işlənə bilər. Məsələn: "герцог", "герцогиня", "палаццо", "скерцо", "меццо" və s.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.