Rus dilinin fonetikası

Bu dərsimizdə biz Rus dilinin fonetikası mövzusunu araşdıracağıq. Rus sait və samit hərflərinin xüsusiyyətlərini öyrənəcəyik.



Salam dostlar. Biz rus dili kursu üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz Rus dilinin fonetikası mövzusunu araşdıracağıq. Dilçiliyin əsas bölmələri olan fonetikada danışıq səsləri öyrənilir. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında fəal iştirak edirlər. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında, transkripsiyalarda onlar böyük mötərizə içərisində qeyd edilir. Məsələn: A hərfi və [ а ] səsi.

Bildiyimiz kimi danışıq səsləri fərqli xüsusiyyətlərinə görə 2 növə bölünür: saitlər və samitlər. Rus dilində sait səslərə "гласные звуки" deyilir, samit səslər isə "согласные звуки" adlanır. Keçən dərsimizdə dediyimiz kimi rus əlifbasında 33 hərf vardır. Onlardan 10-u sait, 21 samit, 2-si isə "ъ""ь" hərfləri isə tələffüz edilmir. Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələrə rast gəlinir. Rus dili 33 hərfdən ibarət olmasına baxmayaraq 42 səs vardır, onlardan 6 səs sait 36 səs isə samitdir. Saitlərlə samitlərin səs və hərflərinin sayları da uyğun gəlmir, beləki, yazıda 10 sait hərf olduğu halda cəmi 6 sait səs vardır. Eyni uyğunsuzluq samitlərdə də müşayiət olunur – 21 samit hərf olduğu halda ümumilikdə 36 samit səs vardır. Bu cür kəmiyyət fərqi rus dili yazısının bir sıra xüsusiyyətləri ilə izah olunur. Gəlin bu xüsusiyyətləri araşdıraq.

Rus sait səsləri

İlkin olaraq sait səsləri araşdıraq. Sait səslər yalnız səslərdən ibarət olur. Samit səslər isə səslə yanaşı hökmən küydən də ibarət olmalıdır, və yaxud sadəcə küydən ibarət olur. Beləliklə, əgər səsdə küy yoxdursa deməli bu sait səsdir. Dediyimiz kimi rus dilində 10 sait hərf olduğu halda cəmi 6 sait səs vardır. Bunun belə olmağının səbəbi rus dilində 6 sait səs yazıda 10 sait hərf ilə qeyd edilir. Rus sait səsləri və hərfləri aşağıdakı şəkildə daha dolğun qeyd edilmişdir:

Rus sait səsləri

Rus dilinin sait hərfləri və səsləri

İndi isə rus sait səsləri barədə qeyd etmək istədiklərimi misallar üzərində danışaq:
[ и ] - "и" - (милый)
[ ы ] - "ы" - (мыло)
[ а ] - "а" - (май) və "я" - (моя). Gördüyünüz kimi burada "моя" sözü yazıda 3 hərflə yazılsa da transkripsiyada 4 səslə qeyd edilir - [мо́й'а], və bu sözü tələffüz etsək görərik ki, doğurdan da tələffüz zamanı burada 4 səs istifadə edilir. Yəni "я" hərfi 2 səslə - [ й ] və [ а ] səsi ilə tələffüz edilib. Lakin bu o demək deyilki, rus dilində "я" hərfi ilə yazılan bütün sözlər 2 səslə tələffüz olunmalıdır. Xeyr, belə deyil – məsələn, "Сяду" [с’а́ду] sözü "я" hərfi ilə yazılsa da tələffüzdə 2 səslə yəni [ й ] və [ а ] səsi ilə deyil sadəcə olaraq [ а ] səsi ilə tələffüz edilir. Bu rus dilinin orfoqrafik və orfoepik xüsusiyyətlərindən irəli gəlir, biz bu barədə gələn dərslərimizdə fonetika bölməsinə aid digər dərslərdə və rus dili orfoqrafiyasını keçərkən bu mövzulara toxunacağıq, bu xüsusiyyətlərin qanunauyğunluqlarını öyrənəcəyik. İndi sadəcə olaraq bilin ki [ а ] – səsi yazıda 2 hərflə qeyd edilir ya "а" hərfi ilə ya daki "я" hərfi ilə. Növbəti hərflərdə də eyni qayda müşayiət olunacaqdır:
[ о ] - "о" - (мой) və "ё" - (ёлка)
[ э ] - "э" - (это) və "е" - (мeл)
[ у ] - "у" - (куст) və "ю" - (юла)

Beləliklə ilk 2 səs - [ и ] və [ ы ] səsləri ilə hər şey aydındır. Onların hərəsinin yazıda öz müvafiq yeganə hərfləri var. Bu məsələ aydındır. Diər 4 sait səsin yəni - [ а ], [ о ], [ э ], [ у ] səslərinin yazıda qeyd edilməsi üçün 2 cür hərflər mövcuddur:
1. "а", "о", "э", "у";
2. "я", "ё", "е", "ю".

Birinci növ hərflər aydındır, onlar hərəsinin yazıda öz müvafiq hərfləri ilə qeyd edilib. ona görə onları da qoyuruq bir kənara. Bizi ikinci növ hərflər maraqlandırır - "я", "ё", "е", "ю". Bunlar səs deyillər, hərfdirlər. Bunu yadınızdan çıxartmayın. Ona görə də transkripsiyada onlar qeyd edilmirlər. Daha doğrusu qeyd edilirlər, ya 2 səs kimi qeyd edilirlər Məsələn: [мо́й'а] sözündəki kimi, ya da [ а ], [ о ], [ э ], [ у ] kimi tələffüz edilirlər. Bu da ki, yalnız vurğulu hecalarda belə olur. Yadınızda qalsın yalnız vurğulu hecalarda "я", "ё", "е", "ю" hərfləri [ а ], [ о ], [ э ], [ у ] kimi tələffüz edilirlər, yəni 1 səslə tələffüz edilir. Beləliklə, "a""я" hərfləri [ а ] səsi kimi, "o""ё" hərfləri [ o ] səsi kimi, "у""ю" hərfləri [ у ] səsi kimi, "е""ё" hərfləri [ е ] səsi kimi tələffüz olunur. Məhz bu baxımdan da "я", "ё", "е", "ю" hərflərinin 2 funksiyası var:
1. Bu hərflər özündən əvvəl gələn samit səsin yumşaq samit səs olduğunu bildirir. Rus dilində samitlər xüsusiyyətlərinə görə yumşaq və sərt samitlər olur. Bu dərsimizin gedişində biz rus dilində samitlər mövzusuna da toxunacağıq və bu barədə ətraflı danışacağıq, indi sadəcə şərti olaraq yadınızda qalsın ki, "я", "ё", "е", "ю" hərfləri özündən əvvəl gələn samit səsin yumşaq samit səs olduğunu bildirir. Məsələn: "Сяду" - [ с’а́ду ], "сел" - [ с’э́л ], "сёл" - [ с’о́л ], "сюда" - [ с’уда́ ]. Bu sözləri tələffüz edərkən diqqət yetirsəniz "С" hərfi yumşaq tələffüz edilir. Eyni zamanda bu sözlərdə vurğu birinci hecanın üzərinə düşür.
2. Bu hərflərin digər funksiyası isə saitlərdən sonra, sözün əvvəlində, və ya "ъ""ь" hərflərindən sonra, 2 səs kimi tələffüz olunurlar – [ й ] samit səsi əlavə edilir, "моя" - [ мо́й'а ] misalında olduğu kimi. "ъ""ь" hərflərinə ayırıcı da deyilir. Gələn dərsimizdə biz bu barədə ətraflı danışacağıq. Beləliklə bu sadalanan 3 vəziyyətdə 2 səs kimi tələffüz olunurlar – yəni, [ й ] samit səsi müvafiq olaraq "я" - [ йa ], "е" - [ йэ ], "ё" - [ йо ], "ю" - [ йу ] səslərindən biri ilə tələffüz edilir. Yəni sadəcə tələffüzdə onların qarşısında 1 [ й ] samit səsi artırılır. Yazıda isə bu 4 hərf ayrıca bir qrafik təsvir kimi yəni ayrıca 1 hərf kimi qeyd edilir. İndi hər 3 vəziyyətə uyğun misallarda ətraflı baxaq:
Saitlərdən sonra: "жуёт" - [жуйо́т], "бреют" - [бр’э́йут];
Sözün əvvəlində: "ел" - [йэ́л], "якорь" - [й'а́кар'];
"ъ""ь" - hərflərindən sonra: "съел" - [сйэ́л], "вьюн" - [в’йу́н].
Bu da rus dilinin xüsusiyyətlərindən biridir və bu səbəbdəndir ki, rus dilində yazıda 10 sait hərf olduğu halda cəmi 6 sait səs vardır.

Rus dilində samit səslər

Indi isə rus dilində samit səsləri araşdıraq. Rus dilində samit səslər səs tellərinin iştirakına görə 2 yerə bölünür: kar samitlər və cingiltili samitlər. Yəni əgər səs telləri iştirak edirsə bu cingiltili samitlərdir, eştirak etmirsə deməli kar samitlərdir. Eyni ilə Azərbaycan dilində olduğu kimi. Kar samitlərə rus dilində "глухие согласные" deyilir, cingiltili samitlər isə "звонкие согласные" adlanır.
Cingiltili samitlər - [б], [в], [г], [д], [ж], [з], [й], [л], [м], [н], [р].
Kar samitlər - [к], [п], [с], [т], [ф], [х], [ц], [ч], [ш], [щ].

Bununla yanaşı rus dilində samit səslər kar və cingiltililiyinə görə cütlük təşkil edirlər və bu baxımdan da 2 hissəyə bölünürlər: cütlük təşkil edənlər – "парные" və cütlük təşkil etməyənlər - "непарные". Kar və cingiltiliyə görə cütlük təşkil edən samitləri aşağıdakı cədvəldən daha aydın görə bilərsiniz. Bu cədvəli yadda saxlasanız rus dilində samit səslərin xarakteristikalarını öyrənmiş olarsınız. Hazırda gördüyünüz cədvəldə rus dilində bütün samit səslərin kar və cingiltiliyinə görə, sərt və yumşaqlığına görə eyni zamanda cütlük təşkil edib etməməsinə görə bölgüsü çox gözəl qeyd edilmişdir. Mən bu barədə artıq çox danışmaq istəmirəm, lakin əgər siz bunları daha dərindən öyrənmək istəsəniz bu cədvəl sizə yardımçı olacaq. Əgər fonetik təhlil etməli olsanız o zaman siz bu bölgüləri mükəmməl bilməlisiniz.

Rus sait səsləri

Rus dilinin samit hərfləri və səsləri

Cədvəldən də göründüyü kimi rus dilində samit səslər dilin ağız boşluğunda tələffüz zamanı aldığı formaya uyğun olaraq yumşaq və sərt samitlərə də bölünür. Beləliklə samitlər müəyyən xüsusiyyətlərə görə kar və cingiltili, eyni zamanda sərt və yumşaq olurlar. Əgər tələffüz zamanı dilin orta hissəsi yuxarıya doğru qalxırsa o zaman bu samit səs yumşaq səsdir. Sərt samitlərə rus dilində "твердые согласные" deyilir. Yumşaq samitlər isə "мягкие согласные" adlanır.

Diqqət yetirdinizsə yumşaq samit səslər transkripsiyada hərfin yuxarı sağ hissəsində vergül işarəsi ilə qeyd edilir. Bu sizi çaşdırmasın bu vergül işarəsi transkripsiyada vurğunu yox samit səsin yumşaq olduğunu bildirmək üçün qeyd edilir.

Bir məqama da toxunmaq istəyirəm, yadınızdadırsa saitlərdən danışarkən biz qeyd etdik ki, "я", "ё", "е", "ю" hərfləri özündən əvvəl gələn samit səsin yumşaq samit səs olduğunu bildirirdi. Burada bir istisna vardır. Beləki, "ж""ш" samitlərindən sonra gələn bu hərflər "ж""ш" samitlərinin yumşaq tələffüz edilməsinə işarə etmir. Beləki, cədvəldən də gördüyünüz kimi müasir rus dilində bu səslər sərt samit səslərdir.

Beləliklə biz bu dərsimizi burada yekunlaşdırırıq. Sağolun gələn dərsimizdə görüşənədək.

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.