Əvəzlik
Bu dərsimizdə biz əsas nitq hissəsi qrupuna aid olan əvəzlik mövzusuna baxacağıq. İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir. Məsələn: Aləmşah əlaçı şagirddir. O, onuncu sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Aləmşah onuncu sinifdə oxuyur. Aləmşah neçənci sinifdə oxuyur? Aləmşah diqqətlə dinləyirdi. Aləmşah necə dinləyirdi? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfin yerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Əvəzliyin quruluşca növləri
Əvəzliyin quruluşca növləri 3 cürdür: sadə, düzəltmə və mürəkkəb əvəzliklər. Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, birisi, kimsə əvəzlikləri düzəltmə; kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir - tərkibi əvəzliklərdir
Əvəzliyin mənaca növləri
Əvəzliyin mənaca növləri aşağıdakılardır:
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur və şəxsə görə üç növə bölünür:: I şəxs: təkdə — mən, cəmdə — biz II şəxs: təkdə — sən, cəmdə — siz III şəxs: təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada şəxs sözü qrammatik mənadadır. Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə-im şəkilçisini qəbul edir. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
Qeyri-müəyyən əvəzliklər
Qeyri-müəyyən əvəzliklər ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir.Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur. Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə, kim isə, nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s. Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir yəni, tərkibi əvəzlikdir. Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır. Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq olur. Bu əvəzliklər xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq.
İnkar əvəzlikləri
İnkar əvəzlikləri oxu heç sözünün köməyi ilə düzəlir: heç kim, heç nə, heç kəs, kimsə ( heç kim mənasında ). İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıq olur. Kimsə əvəzliyindən sonra gələn fel təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur. Məsələn: Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn fel inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn: Kimsə bu sualın cavabını tapmadı.
İşarə əvəzlikləri
İşarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur. Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn: Belə dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim. Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur. Bu, o əvəzlikləri omonimdir: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işləndikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Bu (nə?), uşağın kitabıdır. Bundan (kimdən?) muğayat ol. Onu (nəyi?) bura gətir. Təriflədiyim oğlan budur (kimdir?). Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.
Sual əvəzlikləri
Sual bildirən sözlərə sual əvəzlikləri deyilir.Bütün əsas nitq hissələrinin sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur: Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Kimin var? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi? Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?
Təyini əvəzliklər
Təyini əvəzliklər əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, öz sözlərindən ibarətdir. Məsələn: Hər gözəlin bir eybi oiar. Mənim üçün bütün günlər gözəldir. Hər gülün öz ətri var. Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin olur. Təyini əvəzliklər hallanmır.
Qayıdış əvəzliyi
Qayıdış əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etmiş öz əvəzliyinə deyilir: özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzliyi ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır: hallanır, cümlədə mübtəda və tamamlıq olur: Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün. Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi -nan2 şəklində tələffüz olunur: məndən — [mənnən], səndən — [sənnən], ondan — [onnan], ozümdən — [özümnən], özündən — [özünnən] və s.
Əvəzliyin cümlədə rolu
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdışəvəzlikləri mübtəda, tamamlıq və xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.