Fel
Bu dərsimizdə biz əsas nitq hissəsi qrupuna aid olan fel mövzusunu araşdıracağıq. Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. Fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. Felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır: 1. Şəxsə və kəmiyyətə görə dəyişir. 2. Təsdiq və inkarda olur. 3. Zaman bildirir 4. Təsirli və təsirsiz olur. Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.
Felin leksik mənaca növləri
Felin leksik mənaca növləri aşağıdakılardır: 1. İş bildirən fellər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s. 2. Hərəkət bildirən fellər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s. 3. Nitq bildirən fellər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s. 4. Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s. 5. Hal-vəziyyət bildirən fellər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s. Bütün fellərdə hərəkət vardır, lakin onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir. Beləliklə, felin leksik mənaca növlərini öyrəndik.
Təsirli və təsirsiz fellər
Hərəkətin obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur. Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli fellər deyilir. Təsirli fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlik halının suallarına cavab olur. Məsələn: Aləmşahı (kimi?) gördüm. Dərsi (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən fellər isə təsirsiz fellər adlanır. Təsirsiz fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi təsirsiz fellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirli fellərə çevrilir. Məsələn: inanmaq (nəyə?) - inandırmaq (kimi?), çatmaq (haraya?) - çatdırmaq (nəyi?), gülmək (kimə?) - güldürmək (kimi?), qaçmaq (haraya?) - qaçırmaq (kimi?), bişmək (harada?) - bişirmək (nəyi?), köçmək (haraya?) - köçürmək (kimi?, nəyi?) və s.
Bəzi təsirsiz fellər -ıl4, -ın4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir. Məsələn: açmaq (nəyi?) - açılmaq (harada?), çəkmək (nəyi?) - çəkilmək (haraya?), almaq (nəyi?) - alınmaq (haradan?), silmək (nəyi?) - silinmək (harada?) və s.
Təsdiq və inkar fellər
Fellər hərəkətin icra olunub - olunmaması baxımından iki cür olur: təsdiq fellər, inkar fellər. Təsdiq fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, oxu, baxacaq, görmüşsən və s. İnkar fellər hərəkətin icra edilmədiyini bildirir və vurğu qəbul etməyən –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən və s. Felin lazım, bəzən də vacib şəklinin inkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və s. İndiki və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki samit düşür. Məsələn: gəl+ir gəl+m+ir, oxu+yur oxu+m+ur, yaz+ar+am yaz+m+aram, Felin inkar şəkilçisi –ma2 ilə isim düzəldən –ma2 şəkilçisi omonimdir.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.