Say
Bu dərsimizdə biz əsas nitq hissəsi qrupuna aid olan Say mövzusuna baxacağıq. Əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir.
Sayın quruluşca növləri
Sayın quruluşca növləri 3 cürdür: sadə, düzəltmə və mürəkkəb saylar.
Sadə saylar
Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlli, səksən, doxsan, milyon və s.
Düzəltmə saylar
Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. İsim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız sayların özündən düzəlir. Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırxıncı, səkkizinci, onuncu. -la2 və -ca2 şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir.
"Çoxlu" sayı da quruluşca düzəltmədir.
Mürəkkəb saylar
Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on iki, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır. Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.
Sayın mənaca növləri
Sayın mənaca növləri 2 cürdür: Miqdar sayları və Sıra sayları.
Miqdar sayları
Miqdar sayları özü də üç növə bölünür: 1. Müəyyən miqdar sayları 2. Qeyri-müəyyən miqdar sayları 3. Kəsr sayları
Müəyyən miqdar sayları
Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz üç, yüz on və s. Dilimizdə quruluşca sadə olan müəyyən miqdar sayları cemi 23-dür: bir, iki, üç, dörd, beş, altt, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon. Bu sözlərdən yalnız sonuncu üçü alınma sözdür, qalanları əsl Azərbaycan sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır. Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn: on beş şagird, beş kitab və s. Bu isimləri cəmdə işlətmək - beş kitablar - şəklində qrammatik cəhətdən səhvdir. Sifətlərdən sonra gələn isimlər isə cəm şəkilçisi qəbul edir. məsələn: maraqlı kitablar, çalışqan şagirdlər, yeni binalar və s
Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Həmin sözlər aşağıdakılardır: Nəfər — insan bildirən isimlərlə işlənir: iki nəfər şagird, on nəfər tələbə və s. Baş — əsasən, heyvan bildirən isimlərlə işlənir: on baş öküz, yüz baş qoyun, iki bas keçi və s. Danışıq zamanı baş sözü ailə üzvləri üçün də işlənir: iki bas ailə üzvü. Ədəd, dənə — cansız əşya bildirən isimlərlə işlənir beş dənə nar, iki ədəd qələm və s. Cüt, dəst — qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: bir cüt ayaqqabı, iki dəst paltar kostyum və s. Göz, tikə, parça, dəstə, top və s numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül, bir top çit və s.
Qeyri - müəyyən miqdar sayları
Qeyri - müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn beş-altı kitab, üç-dörd uşaq və s. Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları bunlardır: az. çox, xeyli, birqədər, bir çox, bir az, bir sıra, az-çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, bir-iki, on-on beş və s. Az və çox sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az otaq, lap çox (adam), daha çox (məhsul) və s.
Az sayından sonra gələn isim təkdə işlənir: az adam. Bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə, minlərlə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdə işlənə bilir: çox uşaq, çox adamlar. Onlarla şagird, yüzlərlə tələbə və s. Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər isə təkdə işlənir: xeyli adam, bir qədər odun və s.
Bir-iki, üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında da nəfər, baş, ədəd, dənə, dəst, kimi numerativ sözlər işlədilir: üç-dörd nəfər uşaq, bir-iki dənə alma, beş-altı dəstə gül və s.
Kəsr sayları
Kəsr sayları ya tamın yəni bütövün hissəsini, ya da tam və hissəsini bildirir və nə qədər? neçə hissə? suallarına cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da2 şəkilçisinin köməyi ilə yaranır. Məsələn: beşdə üç - 5/3, iki tam onda beş - 2,5 və s. Kəsr sayları quruluşca həmişə mürəkkəb olur.
Sıra sayları
Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına -ıncı4 şəkilçisini artırmaqla düzəlir: altmışıncı, səksəninci, doqquzuncu, dördüncü. Kökü samitlə bitən saylara qoşulduqda bu şəkilçinin ilk saiti düşür: altıncı, ikinci və s. Əvvəl, axır, filan, son sözləri də -ıncı4 şəkilçisi ilə işləndikdə sıra sayı məzmununu bildirir: əvvəlinci sıra, axıncı dərs, sonuncu zəng, filanıncı il və s.
Sıra sayları bəzən hansı? sualına da cavab olur. Məsələn birinci mərtəbə, axırıncı cərgə, onuncu sinif və s.
Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s.
Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir yəni isimləşir. Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.
Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə, ya da mürəkkəb olur.
Sıra sayları üç cür yazılır: 1. Sözlə: birinci, altıncı, on beşinci və s. 2. Ərəb rəqəmləri və -ıncı4 şəkilçisinin ixtisar forması olan –cı şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s. Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarım mötərizə işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1.1) və s. 3. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I, V, X, L , C , D , M . Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL - 40-cı, LX - 60-cı və s.
Sayın isim kimi işlənə bilməsi
Say da sifət kimi ismi əvəz edə bilir. İsmi əvəz edən say isimsiz işlənir, yəni özü isimləşir. İsimləşmiş say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına cavab olur və cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir: Beşincilər yarışda qalib gəldirlər. Beşlərimdən xoşum gəlir. Beş üçdən çoxdur. Gələn onunculardır.
Sayın təhlil qaydası
Sayın təhlil qaydası aşağıdakı kimidir: Ümumi qrammatik mənası, sualı Hansı isimlə bağlı olması Quruluşca növü Mənaca növü Cümlədə rolu Məsələn: Birinci sinif şagirdi Aləmşah dərslərindən beş qiymət alır. Birinci — əşyanın sırasını bildirir, neçənci? sualına cavab olur. Sinif isimi ilə bağlıdır, quruluşca düzəltmədir. Sıra sayıdır, cümlədə təyindir. Beş — əşyanın miqdarını bildirir, neçə? sualına cavab olur. Qiymət ismi ilə bağlıdır, quruluşca sadədir. Müəyyən miqdar sayıdır, cümlədə təyindir.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.