Zərf
Növbəti əsas nitq hissəsi olan zərf mövzusuna baxaq. Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərf necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s. suallarından birinə cavab olurlar. Zərf daha çox felin təsriflənən formaları ilə bağlı olur.
Zərfin quruluşca növləri
Zərfin quruluşca növləri aşağıdakılardır: Sadə zərflər - bir kökdən ibarət olur: tez, gec, axşam, yuxarı, aşağı və s. Düzəltmə zərflər - kök və leksik - sözdüzəldici şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir: -ca2: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca və s. -casına2: qəhrəmancasına, açıqcasına, igidcəsinə və s. -yana2, -anə: dostyana, dahiyanə, şairanə və s. -dan2: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s. -la2: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s. -akı2: yanakı, çəpəki və s. -ən: daxilən, qəsdən, ruhən, qəlbən və s. -da2: yda, ildə, gündə, həftədə, birlikdə, təklikdə və s. Zərf düzəldən şəkilçilərdən -casına2, -la2 və -ən vurğu qəbul etmir. -la2 şəkilçisi -nan2 şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – ehtiyatnan, təəccüblə – təccübnən və s. Mürəkkəb zərflər - iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir: 1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, ağır-ağır, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s. 2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s. 3. Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, üst-üstə, birdən-birə, gündən-günə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s. 4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s. 5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir. 6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s. 7. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s. Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.
Zərfin mənaca növləri
Zərfin mənaca növləri aşağıdakılardır: Tərzi-hərəkət zərfi Zaman zərfi Yer zərfi Kəmiyyət zərfi
Səbəb zərfiTərzi-hərəkət zərfi
Tərzi-hərəkət zərfi hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.
Yer zərfi
Yer zərfi hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. İçəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfi olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s. Yer zərflərinin çoxu quruluşca sadədir.
Miqdar zərfi
Miqdar zərfi iş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox xeyli çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir, tamamilə, dəfələrlə və s. Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur.
Zaman zərfi
Zaman zərfi hərəkətin nə zaman icra olunduğunu bildirir,nə zaman? nə vaxt? haçan suallarına cavab olur. Məsələn: Kəndə sabah gedirsən? Evə axşam çatdıq. Bayaq dostumla görüşdüm. yayda məhsul bol olur. Zaman zərflərinin çoxu quruluşca sadədir.
Səbəb zərfi
Səbəb zərfi hərəkətin icra olunmasının səbəbini bildiri, niyə? nə üçün? sualına cavab olur. Məsələn: Aclıqdan kişinin dizləri əsirdi. Uşaq utandığından qaçıb gizləndi. Ana sevincindən ağladı. və s. Qəsdən, istidən, soyuqdan, həyəcandan, acığa, qorxudan, ağrıdan, heyrətdən və s. sözləri də səbəb zərfləridir. Dilimizdə səbəb zərfi azdır.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.