Azərbaycan dilinin fonetikası

Bu dərsdən etibarən biz dövlət qulluğuna hazırlıq kursu üzrə yeni bölməyə başlayırıq - bu Azərbaycan dili bölməsidir. Siz bu bölmədə keçəcəyimiz mövzuları istər məktəb, istərsə də universitet illərində ətraflı öyrənmisiniz və bu mövzular üzrə dəfələrlə imtahan vermisiniz. Bu kursumuzda biz sadəcə olaraq qısa şəkildə biliklərimizi yeniləyəcəyik. İlk mövzumuz Azərbaycan dilinin orfoepiya və orfaqrafiya qaydalarıdır.



Dilçiliyin əsas bölmələri

Mövzunu araşdırmağa başlamazdan öncə dilçilik haqqında qısa məlumat vermək istərdim. Dilçilik elmi dilin qayda və qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dilçiliyin əsas bölmələri bunlardır:
Fonetika
Leksika
Söz yaradıcılığı
Üslubiyyat
Qrammatika

Qrammatika özü də iki hissəyə bölünür:
Morfologiya
Sintaksis

Bir məqamı nəzərinizə çatdırım ki, dövlət qulluğuna imtahan və müsahibə zamanı dilçiliyin əsas bölmələri hansılardır? və yaxud dilçiliyin əsas sahələri hansılardır? Sualları verilə bilər. Bu zaman biraz diqqətli olmalısınız. Dilçiliyin əsas bölmələri və sahələri tam fərqli anlayışlardır, və sualın bu cür qoyuluşu sizin diqqətsizliyinizin nəticəsi olaraq səhv cavab kimi qiymətləndirilə bilər. Beləliklə dilçiliyin əsas bölmələrini artıq bilirik. Dilçiliyin əsas sahələri isə bunlardır:
Etimologiya
Leksikoqrafiya
Dialektologiya

Belə məqamlara hər zaman diqqət yetirin, çünki belə çaşdırıcı suallar hər zaman düşə bilər. Bunun üçün də sualı oxuyarkən diqqətli olun və tələsmədən sona qədər oxuyun.

Fonetika

Biz bu dərsimizdə Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydalarını təkrarlayacağıq. Dilçiliyin əsas bölmələrindən olan Fonetika danışıq səslərini öyrənir. Yəni, danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda bu səslər hərflərlə işarə olunur. Beləliklə, danışıq səslərini tələffüz edir və eşidirik, hərfləri isə görürük və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onları böyük mötərizə içərisində yazırlar: [ a ] .

Orfoqrafiya və orfoepiya qaydaları

Sözlərin düzgün deyiliş qaydalarına orfoepiya, düzgün yazılış qaydasını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir. Beləliklə, orfoepiya dügün deyiliş qaydasıdır, orfoqrafiya isə düzgün yazılış qaydasıdır.

Orfoepiya termini dilçiliyimizdə heç də yeni söz deyil. Ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran tələffüz qayda-qanunları sistemi orfoepiya adlanır. Orfoepiya anlayışını həm dar, həm də geniş mənada başa düşmək olar. Orfoepiya anlayışını geniş mənada qəbul etmək məqsədə daha uyğundur. Çünki ədəbi tələffüzün əsas cəhətləri, xüsusən bu və ya digər səsin müəyyən fonetik şəraitdə, yəni ayrılıqda, digər həmcins və ya ayrı cins səslə yanaşı olduqda, sözün əvvəlində, ortasında, sonunda olduqda, qrammatik formalarda və söz birləşmələrində yanaşı gəldikdə necə tələffüz edilməsi qayda-qanunları, eləcə də vurğu, intonasiya normaları geniş mənada orfoepiya anlayışı ilə üzvi surətdə bağlı məsələlərdəndir.
O saitli alınma sözlər [ a ] və ya [ o ] ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır:
avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
Ü saitli alınma sözlər ü ilə də yazılır:
alüminium, bülleten, büro, jüri və s.

Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydalarını bilmək üçün ilk növbədə biz səslərin növlərini təkrarlamalıyıq. Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki yerə bölünür:
Saitlər
Samitlər

Saitlər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələrə rast gəlinir. Dilimizdə 9 sait var:
[ a ], [ e ], [ ə ], [ ı ], [ i ], [ o ], [ ö ], [ u ], [ ü ].

Sait hərflər

Saitlər

Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər (dil arxası): [ a ], [ ı ], [ o ], [ u ];
İncə saitlər (dil önü): [ e ], [ ə ], [ i ], [ ö ], [ ü ].
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər (dar saitlər): [ ı ], [ i ], [ u ], [ ü ];
Açıq saitlər (gen saitlər): [ a ], [ e ], [ ə ], [ o ], [ ö ].
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər: [ o ], [ ö ], [ u ], [ ü ];
Dodaqlanmayan saitlər: [ a ], [ e ], [ ə ], [ ı ], [ i ].

Dodaqlanan saitlərin tələffüzü zamanı dodaqlar bir qədər irəliyə doğru uzanır və dairəvi forma alır. Dodaqlanmayan saitlərin tələffüzü zamanı isə bu hal baş vermir. Bu səbəbdən də onlara dodaqlanan və dodaqlanmayan saitlər deyilir.

Ümumiyyətlə çoxları bu bölgünü yadda saxlamaqda çətinlik çəkirlər, digərləri isə sadəcə olaraq əzbərləyirlər. Əlbətdəki əzbərlənən hər bir şeyin yadda qalma müddəti çox azdır və daim yenidən əzbərləməyə ehtiyac duyulur. Bu səbəbdən də bu bölgüləri müvafiq qanunauyğunluqlar əsasında yadda saxlamağınız daha səmərəli olardı.

Bir məqama da toxunmaq istəyirəm. Dövlət qulluğuna imtahan və ya müsahibə zamanı sizdən açıq və qapalı saitlərin hansılar olduğu soruşula bilər. Lakin, bu sual tam fərqli şəkildə verilə bilər, məsələn, soruşula bilər ki dar saitlər hansılardır? O zaman siz bilməlisiniz ki, söhbət qapalı saitlərdən gedir. Qapalı saitlərin bu cür adlandırılmasının səbəbi qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. Buna görə də dar saitlər dedikdə qapalı saitlər nəzərdə tutulur.

Açıq saitlərin tələffüzündə isə əksinə - alt çənə nisbətən aşağıya doğru düşür və ağız boşluğu genəlir bu səbədən də gen saitlər hansılardır? soruşulduqda bilin ki, sizdən açıq saitlər soruşulur. Ona görə də bu baxımdan bir az diqqətli olun, beləliklə, dar saitlər – qapalı saitlər, gen saitlər isə - açıq saitlərdir.

Sizə başqa sual da verilə bilər, məsələn, sual olun bilər ki, maneəsiz səslər hansılardır? Bildiyimiz kimi, sait səslər sərbəst və maneəsiz tələffüz olunduğu üçün maneəsiz səslər də adlandırılması məntiqlidir. Analoji olar samit səslər tələffüz zamanı ağız boşluğunda müəyyən manelərə rast gəldiklərindən onlar da maneəli səslər olacaq.

Samitlər

Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur.

Samit səslər

Samitlər

Azərbaycan dili əlifbasında "komandir", "tank", "klub" sözlərində [k'] səsini, "ipək", "çiçək", "məktəb" sözlərindəki [x'] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda "kənd", "tük", "şəkil" sözlərindəki [k] səsini ifadə edən "k" hərfi ilə göstərilir. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

Kar samitlər

Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Kar samitlər: [ p ], [ k' ], [ f ], [ x ], [ t ], [ ş ], [ s ], [ x' ], [ k ], [ ç ], [ h ].

Cingiltili samitlər

Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Cingiltili samitlər: [ b ], [ q ], [ v ], [ ğ ], [ d ], [ j ], [ z ], [ y ], [ g ], [ c ], [ l ], [ m ], [ n ], [ r ].

[ m ] və [ n ] samitlərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Bu səbəbdən də [ m ] və [ n ] samitlərinə burun samitləri də deyilir. Dövlət qulluğuna imtahan verərkən sual verilə bilər ki, burun samitləri hansılardır? O zaman bilin ki, sizdən [ m ] və [ n ] samitləri soruşulur.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.