Azərbaycan dili. Fonetika

Azərbaycan dili üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz Heca, Ahəng qanunu, Vurğu və Əlifba mövzularına dair biliklərimizi təkrarlayacağıq. İlkin olaraq hecadan danışaq.



Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Məsələn:
"A-zad-lıq".

Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca 1 saitdən də ibarət olur. Məsələn:
"a-na",
"ü-rək".

Sözlərin sətrdən sətrə keçirilməsinin əsasında məhz heca dayanır. Sözü sətrdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Sözün ortasında üç samit səs yanaşı gələrsə, adətən, bunlardan ikisi əvvəlki saitə, üçüncüsü isə sonrakı saitə qoşulur:
"dü-rüst-lük",
"xoş-bəxt-lik".

İki samit səs saitlərin əhatəsindədirsə, bunlardan birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil edilir:
"dəf-tər",
"Təb-riz".

Onu da nəzərinizə çatdırım ki, qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir:
"toq-qa",
"gül-lə",
"ad-dım".

Sözlərin daxilində yanaşı gələn dörd samitdən ikisi əvvəlki saitə, digər ikisi isə sonrakı saitə qoşulur. Bu sözlər əsasən alınma sözlərdir:
"eks-press",
"trans-krip-si-ya".

Vurğu

Fonetikanın digər mövzularından biri də vurğudur. Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətlə deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn:
"Azərbaycan",
"azadlıq",
"istiqlaliyyət".

Azərbaycan dili iltisaqi dil olduğu üçün şəkilçilər sözün son hecasına artırılır və söz şəkilçi qəbul edərkən vurğu şəkilçinin üzərinə keçir. Bunun üçün də Azərbaycan dilinin vurğusu keçici sabit vurğu hesab olunur. Dilimizdə bir sıra şəkilçilər vardır ki, onlar sözə qoşularkən vurğu qəbul etmir. Bu şəkilçilərin bir qismi omonim şəkilçilərdir. Sözdə vurğu qəbul etməyən şəkilçi varsa, vurğu ondan əvvəki hecanın üzərinə düşür.

Ahəng qanunu

Ahəng qanunu idilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Bu nə deməkdir? Ahəng qanununa görə əgər söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn:
"ya-zı-çı-lar.".
Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn:
"ə-kin-çi-lə-ri-miz".
Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur. Lakin, müstəsnalar da vardır:
"işıq", "ilan", "ilğım", "inam", "iraq", "ilxı", "ildırım", "ilıq", "işartı" və s. kimi bir neçə söz. Yəni, bu sözlər ahəng qanununa tabe deyil, lakin əsl Azərbaycan sözləridir.

Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn:
"alim", "vəfa", "kitab", "dünya", "büro" və s.

Burada bir məqama diqqət yetirin, biz deyirik ki ahəng qanununa tabe olan olan sözlər əsl Azərbaycan sözləri olur, lakin bir neçə istisnalar da vardır hansıki ahəng qanununa tabe olmasa da əsl azərbaycan sözləridir. Eyni zamanda əgər söz ahəng qanununa tabedirsə bu o demək deyildirki, bu sözlər əsl Azərbaycan sözləri olmalıdırlar, çünki alınma sözlərdə də ahəng qanununda olduğu kimi qalın və ya incə samitlərinin bir birini izləməsi halı ola bilər. Bu səbəbdən biraz diqqətli olmaq lazımdır.

Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit yəni dəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn:
"ki-tab-da",
"təy-ya-rə-çi-lər".

Bir məqama da toxunum əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məslən:
"dəvəquşu",
"günəbaxan",
"Günay",
"Aybəniz",
"quşüzümü" və s.

Əlifba

İndi isə əlifbadan danışaq. Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda bizim istifadə etdiyimiz latın qrafikalı əlifbadır. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur.

Azərbaycan əlifbası

Əlifba

Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır. 1922-1939-cu illərdə latın qrafikalı əlifba üzrə (1929-cu ilə kimi ərəb əlifbası ilə paralel olaraq), 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır.

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbalardan istifadə olunur. Əlifba sözü ərəb dilindən alınmadır və ərəb əlifbasındakı ilk hərflərin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində "azbuka" kiril əlifbasının ilk iki hərfini (az, buki), bir sıra Avropa dillərində "alfabet" yunan əlifbasının ilk iki hərfini (alfa, beta) hərflərini bildirir.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.