Leksikologiya
Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini, təşkil edir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Sözün leksik mənası
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya sözün leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: "qələm" sözünün leksik mənası - "yazı alətidir". Sözün leksik mənasını bir neçə yolla izah etmək olar: 1. Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: "Azadlıq – müstəqillik – sərbəstlik". 2. Verilən sözə əks mənalı söz seçməklə. Məsələn: "quzey – güney". 3. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: "dəmirçi" - metaldan müxtəlif alətlər hazırlayan peşə sahibi. 4. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: "mürəkkəbqabı" - içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün qrammatik mənası
Sözün leksik mənası ilə yanaşı, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Məsələn: "qələm" sözü əşyanın adını, "qırmızı" əlamətini, "bir" isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Sözün həqiqi və məcazi mənası
Dilimizdəki sözlərin bir çoxu həm həqiqi, həm də məcazi mənada işlədilir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: "dəmir qapı, daş divar, yumşaq çörək" və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sonradan qazandığı törəmə mənası isə onun məcazi mənası adlanır. Məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşayalara aid edilməsi yolu ilə yaranır. Məsələn: "dəmir iradə, daş ürək, yumşaq söz" və s. söz birləşmələrindəki birinci tərəflər – "dəmir, daş və yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. "Külək yatdı, Təbiət gülür, Təbiət oyanır, Günəş giz-ləndi" və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: "dənizçi", "səkkiz", "yaraşıqlı", "yadırğamaq" və s. kimi sözlər bir leksik mənada işlənən təkmənalı sözlərdir. Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: "ayaq", "ağız", "dil", "boğaz", "almaq", "çəkmək" və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda da işlənir: "Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s." "Ağız – quşun ağzı, qazanın ağzı, baltanın ağzı və s." "Dil - insanın dili, alovun dili, qarmonun dili, çəkmənin dili və s." "Boğaz – uşağın boğazı, bardağın boğazı, çəkmənin boğazı və s." "Almaq – kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s." "Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s." "Tutmaq – topu tutmaq, üz tutmaq, fikri tutmaq və s." "Acı – acı dərman, acı xatirə, acı söz və s." "Ağır – ağır yük, ağır itki, ağır cəza, ağır xasiyyət və s."
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: "adamın gözü" birləşməsindəki "göz" sözü həqiqi mənada, "bulağın gözü" birləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin birinci mənaları həqiqi mənada, sonrakı mənaları isə məcazi mənada işlənmişdir. Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdən ibarət olur. Dilimizdə çox işlək olan çoxmənalı sözlər əsasən bunlardır: "ağ, ağız, ağır, ayaq, almaq, alçaq, baş, burun, boğaz, boz, bişmək, çevirmək, çıxmaq, dil, diş, düşmək, ətək, qaş, qol, kök, üz, göz, yol, yumaq, qara, yüngül, soyuq, yüksək, tutmaq, kəsmək, yaymaq, getmək, salmaq" və s. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: "diş – uşağın dişi, darağın dişi"; "maşın – paltaryuyan maşını, təbliğat maşını, reklam maşını"; "lövhə – yazı lövhəsi, təbiət lövhəsi"; "şirin meyvə – şirin söhbət". Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
Omonimlər
Deyilişi və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn: "Bağ" – meyvə ağacları əkilmiş sahə, "Bağ" – bir şeyi bağlamaq üçün ip. "Şam" – yandırmaq üçün cisim, "Şam" – ağac adı, "Şam" – axşam yeməyi. "Fokus" – linzanın fokusu, "Fokus" – sirkdə göstərilən nömrə.
Bu nümunələrdəki "bağ, şam və fokus" sözlərinin deyilişi və yazılışı eyni olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir. Dilimizdə ən çox işlənən omonimlər bunlardır: "al, an, aş, aşıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bənd, çat, çap, çay, çaxmaq, çən, dad, dağ, dan, dar, daş, din, don, doğru, dolu, divan, düz, en, əqrəb, əsər, göy, gül, hava, iç, inci, it, kök, köç, kürək, qala, qat, qaş, qaz, qır, qız, qurd, qan, qol, qovaq, qoyun, ləpə, mürəkkəb, nəticə, ov, oxu, oxşamaq, saç, şam, şor, tala, tək, top, tut, uçmaq, üz, var, yağ, yal, yan, yaş, yad, yay, yar, yara, yaz, yol" və s.
Omonimlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. "Bağ, və şam" omonimlərinin hər ikisi isimdir. Dilimizdə fel kimi işlənən omonimlər də vardır. Məsələn: "Uçmaq – qanadlanmaq:" – Quş qanadlanıb uçdu. "Uçmaq – dağılmaq:" – Köhnə divar uçdu. "Oxşamaq – bənzəmək:" – Uşaq atasına oxşayır. "Oxşamaq – əzizləmək, nazlamaq:" – Ana körpəsini oxşayır. "Alışmaq – öyrənmək, adət etmək:" – Uşaq yeni mühitə alışdı. "Alışmaq – yanmaq:" – Quru odun tez alışdı.
Dilimizdə ayrı-ayrı nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur. Bu cür omonimlərə aid bir neçə nümunə: İsim və sifət kimi işlənən omonimlər: "Yaş" – insan ömrünün müəyyən dövrü: Uşağın 5 yaşı var. "Yaş" – nəm, islanmış: Yaş odun yanmadı. "Kök" – tərəvəz: Kök dadlı idi. "Kök" – yoğun, dolu, şişman: Kök adamdan xoşum gəlir. "Mürəkkəb" – yazı üçün maye: Qələmin mürəkkəbi qurtardı. "Mürəkkəb" – çətin, qəliz: İmtahana mürəkkəb suallar düşmüşdü. Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: "oynaq". Yəni bədəndə sümük ismi ilə "oynaq hava" birləşməsindəki "oynaq" sifəti düzəltmə omonimlərdir. "Buruq" - yəni "neft buruğu" ismi ilə "buruq" sifəti yəni "buruq saç" və ya iki müxtəlif mənada işlənən "vergi" ismi yəni, gəlir üçün dövlətə ödənilən məbləğ və istedad mənalarında düzəltmə omonimlərdir.
Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir. Məsələn: "kök" sözü - "insanın kökü", "ağacın kökü", "sözün kökü" birləşmələrində çoxmənalıdır. "Kök oğlan" və "şirəli kök" birləşmələrindəki "kök" sözü isə omonimdir. "boğaz, yar, qaş, qol, yol, dolu, düz, dil, yay, üz, tut, bel" sözləri də həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.
Paronim
Səslənməsinə görə bir-birinə oxşar olan "sənəd – sənət, süfrə – sürfə, qəlb – qəlp, məhsul – məsul, mətn – mətin, əmr – əmir, atlaz – atlas, əsr – əsir, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, ahəng – əhəng" və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Tərkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.
Omoqraf
Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Məsələn: "alma" (isim) – "alma" (fel) "əkin" (isim) – "əkin" (fel) "dondurma" (isim) – "dondurma" (fel) "dimdik" (isim) – "dimdik" (sifət) və s. Bu cür sözlərin yazılışları eyni olsa da, tələffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.
Omoform
Tələffüzü və yazılışı eyni, lakin kökləri və ya başlanğıc formaları fərqli olan sözlər də omonim deyil. Məsələn: "Əsgər çoxlu yara almışdı" və "Sözümü yara çatdır" cümlələrindəki "yara" sözləri köklərinə görə fərqlənir. Birinci cümlədəki "yara" sözü başlanğıc formadadır. İkinci cümlədəki "yara" sözünün kökü isə "yar" ismidir. "a" qrammatik şəkilçidir. Qrammatik şəkilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
Sinonimlər
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir. Məsələn: "ürək – könül – qəlb," "böyük – iri – yekə," "odlamaq – alışdırmaq – yandırmaq" və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: "qalın" və "sıx" sinonimlərini "meşə" isminə qoşmaqla işlətmək mümkün olduğu halda ( "qalın meşə", "sız meşə" ), bu sözlərdən yalnız birincisini "kitab" isminə aid etmək olar: "qalın kitab". Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.
Antonimlər
Bir-birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir. Məsələn: "yer – göy," "sülh – müharibə," "igid – qorxaq," və s.
Ümumişlək sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər. Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: "od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək" və s.
Ümumişlək olmayan sözlər
Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir. Ümumişlək olmayan sözlər iki qrupa bölünür: 1. Dialekt sözləri 2. İxtisas sözləri - terminlər
Dialekt sözləri
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir. Məsələn: "döşəkçə" ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən "nimdər" sözü isə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözüdür. "Hancarı - necə?, doqqaz - küçə, becid - tez, ciyi; ciji - ana, digə - dağ yerində yaşayış yeri, alaçıq, gəvəzə - boşboğaz, əlardan - dəsmal, düşğu; düşgi - stol silmək üçün əsgi, dənab - qaynadılmış su, qəməlti - bıçaq, siyəzi - kisə, zivə - paltar asmaq üçün ip, manşırlamaq - nişanlamaq, maş - lobya, əppək - çörək, məhrəba - dəsmal, yerpənək - xiyar, qəlbi - hündür, lapdan - qəfildən" və s. sözləri də dialekt sözləridir.
Terminlər
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər - ixtisas sözləri deyilir. Məsələn: "frazeologiya, mübtəda, orfoepiya, embriologiya, süjet, epitet, subtropik, flora, qələvi" və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: "ekran, süita, solo, fauna, flora" və s. Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinoniminin olmamasıdır. Dilimizdə elə sözlər var ki, onlar dildə yalnız termin kimi çıxış edir. Məsələn: "metonimiya, sinekdoxa, fiksaj, akvarel, hiperbola" və s. Elə sözlər də vardır ki, həm termin, həm də ümumişlək söz kimi işlənir. Məsələn: "güc, qüvvə, xəbər, say, enerji, zərf, sifət, fel" və s.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.