İsim
Bu dərsimizdə biz əsas nitq hissələri qrupuna aid olan isim mövzusuna baxacağıq. İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını bildirir. Kim?, nə? bəzən də hara? suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaq və s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.
Konkret və mücərrəd isimlər
Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret və mücərrəd isimlər.
Konkret isimlər
Konkret isimlər – gözlə görünə bilən əşyaların adlarıdır. Konkret isimlər dedikdə duyğu üzvlərimizlə hiss etdiyimiz, gördüyümüz cisimlər nəzərdə tutulur. Məsələn: dağ, çiçək, qoyun, kitab, torpaq, daş, qaşıq, duz və s.
Mücərrəd isimlər
Mücərrəd isimlər isə gözlə görünə bilinməyən əşyaların adlarıdır. Mücərrəd isimlər duyğu üzvləri ilə hiss edilməyən varlıqlara, hiss və düşüncəyə aiddir. Məsələn: arzu, yuxu, məqsəd, fikir, xəyal, pislik, borc və s. Hava, külək kimi isimlərin konkret və ya mücərrədliyi şübhə altındadır.
İsmin quruluşca növləri
İsimlər quruluşuna görə 3 yerə bölünür: Sadə isimlər; Düzəltmə isimlər; Mürəkkəb isimlər.
Sadə isimlər
Sadə isimlər bir kökdən ibarət olur. İsimlərin, eləcə də sadə isimlərin qrammatik şəkilçilər qəbul edərək dəyişməsi onların quruluşuna təsir etmir.
Düzəltmə isimlər
Düzəltmə isimlər söz düzəldici yəni, leksik şəkilçilər vasitəsi ilə düzəlir. İsim düzəldən şəkilçilər 4 cür olur: İsimdən isim düzəldən: -çı4, -lik4, -ıstan4, -ça2 Feildən isim düzəldən: -ış4, -kı4, -ıq4, -ıcı2 Sifətdən isim düzəldən: -lıq4 Saydan isim düzələn: -lıq4, -iq4
Mürəkkəb isimlər
Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb isimləri əmələ gətirən sözlər eyni nitq hissəsinə də, müxtəlif nitq hissələrinə də aid ola bilər. Mürəkkəb isimlərin əmələ gəlməsi 3 cür olur: 1. Heç bir köməkçi vasitə olmadan sözlər birləşərək mürəkkəb isim əmələ gətirir. 2. Mürəkkəb ismin ikinci tərəfi mənsubiyyət şəkilçili olur. 3. Aralarında ha, a, ə şəkilçiləri işlənməklə felin təkrarı ilə. Mürəkkəb isimlər də sadə və düzəltmə isimlər kimi, bir söz yəni, bir leksik vahid olduğuna görə bir vurğuya malik olur. Mürəkkəb ismi əmələ gətirən sözlər birlikdə tələffüz olunur və bir yerdə yazılır.
Mürəkkəb adlar
Birləşmələrlə ifadə olunan adlar Mürəkkəb adlar hesab olunur. Ad və soyad, Ad və ata adı, Ad və ləqəb, Ad və onlarla yanaşı işlənən bəy, xan, mirzə və bu kimi digər sözlər.
Ümumi və xüsusi isimlər
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür: 1. Ümumi ismlər 2. Xüsusi isimlər
Ümumi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir. Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s. Ümumi isimlər eyni cinsli əşyaların hamısına birlikdə verilən adlardır. Dünyada nəqədər müxtəlif ağac növü var. Ancaq bunların hamısında ümumi cəhət var, hamısı ağacdır. Ona görə ağac sözü bunlara verilən ümumi addır, ümumi isimdir.
Xüsusi isimlər
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir: 1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Aləmşah, Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s. 2. Coğrafi və astronomik adlar: Azərbaycan, Gəncə, Şuşa, Ay və s. 3. Qəzet, jurnal və əsər adları: "Azadlıq", "Ulduz", "Xəmsə" və s. 4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s. Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn: "Dəli Kür" (əsər), "Azərbaycan" (jurnal), "Bakı fəhləsi" (zavod), "Vətən" (cəmiyyət) və s. Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu, fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. Ümumi isimlər şəxs adı bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.
Tək və cəm isimlər
İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən -lar2 şəkilçisini qəbul edir: kitablar, insanlar, evlər, şagirdlər və s. Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı olaraq, bəzi səkillərdə -rar2, -nar2, -dar2 kimi tələffüz olunur: qatarlar - qatarrar, şəhərlər — şəhərrər, qazlar — qazdar, buludlar bulutdar, igidlər — igiddər, oğlanlar — oğlannar, əkinlər – əkinnər və s. Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq, topluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı. dəstə, partiya. Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El yaylağa köçür. Xalq azadlığına qovuşdu və s.
İsimlərin hallanması
İsim cümlədə hal şəkilçisi qəbul edərək dəyişir. Bu dəyişmə cümlədə sözlərin əlaqəsini təmin edir. İsmin belə dəyişməsinə isimlərin hallanması deyilir. Azərbaycan dilində ismin altı halı var: 1. Adlıq hal 2. Yiyəlik hal 3. Yönlük hal 4. Təsirlik hal 5. Yerlik hal 6. Çıxışlıq hal
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.