Azərbaycan dili qrammatikası

Bugünkü dərsimizlə biz Azərbaycan dili qrammatikası mövzusuna başlamış oluruq. Dilçiliyin əsas bölmələrindən olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika sözü mühüm bir dilçilik termini kimi, iki mənada - həm dilin qrammatik quruluşu mənasında, həm də dilin qrammatik quruluşundan bəhs edən elm mənasında işlədilir. Dilin qrammatik quruluşu - cümlədə sözlərin dəyişməsi və birləşmsi qaydalarının məcmusudur. Azərbaycan dili qrammatikası iki hissəyə bölünür:
1. Morfologiya
2. Sintaksis

Morfologiya ( yunanca "morphe" - forma və "loqos" - elm, təlim sözlərindən təşkil olunub ) sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydaları araşdırılır.

Sintaksis ( yunan sözüdür; tərkib, birləşmə deməkdir ) söz birləşmələrini və cümlələri öyrənir.



Morfologiya

Azərbaycan dili kursu üzrə dövlət qulluğuna hazırlıq mövzularından ən vaciblərindən biri də morfologiya mövzusudur. Dediyimiz kimi morfologiya nitq hissələrini öyrənir. Morfologiya - cümlədə sözlərin dəyişməsi, müxtəlif şəkillərə düşməsi qaydalarının cəmi və bu qaydalardan bəhs edən elmin adıdır. Morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir, o xüsusiyyətləri ki, onlar tək-tək sözlərə deyil, bütöv söz qruplarına aid olur, onların dəyişməsi, təsrifi sistemini üzə çıxarır, fikrin ifadəsinə xidmət edir.

Söz həm leksikologiyanın, həm də morfologiyanın tətqiq obyektinə daxildir. Əgər leksikada tək-tək sözlərin fərdi xüsusiyyətləri, leksik mənası, onun başqa sözlərdən məna fərqi, mənşəyi və s. öyrənilirsə, qrammatikada - morfologiyada sözlərin o qanunauyğunluqları və xüsusiyyətləri öyrənilir ki, onlar tək-tək sözlərə deyil, bütöv söz qruplarına və onların dəyişmə sisteminə aid olur. Morfologiya sözlərin hansı qrammatik formalara düşdüyünü, hansı qrammatik mənaları ifadə etdiyini və necə ifadə etdiyini, sözlərin hansı prinsiplər əsasında dəyişdiyini öyrənir, sözlərin dəyişmə və təsrif sistemlərini üzə çıxarır, qrammatik kateqoriyalar, onların nitq hissələrinə xidmətini müəyyənləşdirir.

Nitq hissələri

Lüğət tərkibindəki sözlərə morfoloji baxımdan yanaşdıqda aydın olur ki, sözlər əşya, hadisə, əlamət, kəmiyyət, hərəkət və s. adlandırma baxımından müxtəlif qruplara ayrılır, böyük bir qisminin həm leksik, həm də qrammatik mənası vardır və bunlar insan ünsiyyətinin, fikir mübadiləsinin əsas vasitələridir. Sözlərin kiçik bir qrupu isə leksik mənadan məhrub olub, yalnız qrammatik mənaya malikdir və sözlər arasında əlaqə yaratmağa, modal münasibətləri gücləndirməyə xidmət edir. elə bir qrup söz də var ki, ümumi və ya qeyri-müəyyən şəkildə əşya və hadisələri ifadə etməklə yuxarıdakı söz qruplarının əvəzinə işlənə bilir. Bunların hamısı insan nitqinin tərkib hissələridir və ona görə də morfologiyada sözlər onların özlərinin verdiyi imkanlar əsasında nitq hissələri üzrə qruplaşdırılıb öyrənilir.

Dediyimiz kimi sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür: maşın, telefon, qapı, paltar, saat və s. sözləri əşyanın adını bildirir, buna görədə onlar isim adlanan nitq hissəsinə aiddirlər. Bu əşyaların əlamətlərini bildirən alçaq, ucuz, nazik, qırmızı, balaca və s. kimi sözlər isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eynilə hərəkət bildirən sözlər də morfologiyada fel adlanan nitq hissəsinə aid olur. Hərəkətin tərzini, yerini, zamanını bildirən sözlərdən isə zərf adlı nitq hissəsi formalaşır.

Dövlət qulluğuna hazırlıq proqramında nitq hissələri mövzusuna geniş yer verilir. Bu səbəbdən də nitq hissələri mövzusu diqqətlə araşdırılmalı və öyrənilməlidir. Beləliklə, dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür:
Əsas nitq hissələri;
Köməkçi nitq hissələri;
Xüsusi nitq hissəsi.
Əsas nitq hissələrinin səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirirlər və cümlə üzvü kimi işlənə bilirlər. Köməkçi nitq hissələrində isə bu xüsusiyyətlər olmur, onlar yalnız qrammatik məna daşıyırlar. Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası olmur. O, yalnız hiss, həyəcan bildirir, və bu səbəbdən də xüsusi nitq hissəsi sayılır.

Morfologiya - Azərbaycan dili qrammatikası

Nitq hissələri

Morfologiya üçün daha mühüm öyrənmə obyektləri vardır - ad bildirən sözlər şəkilçi qəbul edərək kəmiyyətə, hala, şəxsə görə dəyişir, bu və ya digər şəxsə mənsub olan əşyanı bilirir. Hərəkət nbildirən sözlər zamana, şəxsə görə dəyişir, şəkilçilər qəbul edərək müxtəlif şəkillərə düşür. Əlamət Əlamət bildirən dərəcələr üzrə dəyişir. Morfologiyada sözlərin dəyişməsi, təsrifi məsələləri çox mühüm problemdir və hər bir söz qrupu ilk növbədə bu cəhətdən nəzərdən keçirilir.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.