Sifət
Bu dərsimizdə biz əsas nitq hissələri qrupuna aid olan sifət mövzusunu öyrənəcəyik. Sifət əşyanın əlamətini və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? və hansı? suallarından birinə cavab verir. Sifət əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini bildiri. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi, yəni, onun uzun və ya qısa olması, böyük və ya kiçik olması, zahiri görkəmi, yəni, kök və ya arıq olması, yaşlı və ya cavan olması onun əlamətidir. Əşyanın daxili süzusiyyəti isə, dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri, yəni, çalışqan, əliaçıq, ürəyiyumşaq, ağıllı və s. olması onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əşyanın əlamətini bildirdiyindən sifət hər zaman ismə aid olur və ondan əvvəl işlənir.
Sifətin quruluşca növləri
Sifətin quruluşca növləri aşağıdakılardır.
Sadə sifətlər
Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara, uzun, gödək, qısa, hündür, qalın, nazik və s. Azaltma və çoxaltma dərəcələrinin şəkilçilərini qəbul edən sifətlər də quruluşca sadə olur. Məsələn: sarışın, uzunsov, ağımtıl, qıpqırmızı, gömgöy, qapqara və s.
Düzəltmə sifətlər
Düzəltmə sifətlər isimlərin və fellərin sonuna leksik şəkilçi artırmaqla düzəlir. Hansı nitq hissəsindən düzəlməsinə görə düzəltmə sifətlər iki qrupa bölünür: isimdən düzələn sifətlər və feldən düzələn sifətlər.
İsimdən düzələn sifətlər
İsimdən düzələn sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir: -lı4: maraq-lı, tərbiyə-li, su-lu, ütü-lü və s. -sız4: dad-sız, bilik-siz, ot-suz, güc-süz və s. -cıl4: zarafat-cıl, söhbət-cil, qohum-cul, ölüm-cül və s. -dakı2: kitab-dakı, həyət-dəki və s. -ı4: badam-ı, çərkəz-i, armud-u, gümüş-ü və s. -i (-vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir yazılır: tarix-i, ailə-vi və s. -kı, -ki, -kü: qabaq-kı, dünən-ki, bugün-kü və s. Misallardan göründüyü kimi bu şəkilçi əsasən zərflərdən sifət düzəldir. -lıq4: ay-lıq, il-lik, don-luq, üz-lük və s.
Feldən düzələn sifətlər
Aşağıdakı leksik çəkilçilərin köməyi ilə fel köklərindən sifət düzəlir: -ağan (-əyən): qaç-ağan, gül-əyən və s. -qan (-kən): çalış-qan, sürüş-kən və s. -ğın4 (-gin, -gun, -gün): az-ğın, sol-ğun, düz-gün, gər-gin və s. -ıq4 (-q, -k): aç-ıq, əz-ik, uç-uq, çürü-k, soyu-q və s. -ıcı2: qır-ıcı, keç-ici, qur-ucu, öldür-ücü və s. -aq (-q, -k): qorx-aq, ürk-ək, parla-q, titrə-k və s. -unc, -ünc: qorx-unc, gül-ünc, və s.
Mürəkkəb sifətlər
Mürəkkəb sifətlər bir neçə yolla yaranır: 1. İki sadə sözün birləşməsi ilə yaranan mürəkkəb sifətlər: qaraqaş, uzunsaç, hazırcavab, diribaş və s. 2. Birinci sadə ikinci düzəltmə olan sözün birləşməsi ilə yaranan mürəkkəb sifətlər: ucaboylu, taleyüklü, məqsədyönlü, qarabuğdayı və s. 3. İki düzəltmə sözün birləşməsi ilə yaranan mürəkkəb sifətlər: açıqürəkli, sınıqqəlbli, soyuqqanlı və s. 4. Biri mənsubiyyət şəkilçisi qəbul etmiş sözün iştirakı ilə yaranan mürəkkəb sifətlər: dilişirin, yaxasıaçıq, ölkələrarası və s. 5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə yaranan mürəkkəb sifətlər: yaşıl-yaşıl, uzun-uzun, qalaq-qalaq və s. 6. Biri ( bəzən də hər ikisi ) ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə yaranan mürəkkəb sifətlər: kələ-kötür, əzik-üzük, əyri-üyrü və s. 7. Yaxın və əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə yaranan mürəkkəb sifətlər: güllü-çiçəkli, irili-xırdalı, elmi-kütləvi və s.
Sifətin müqayisə dərəcələri
Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fəqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti - şirinli=yi və sarılığı eyni dərəcədə deyil. Bu baxımdan sifətin müqayisə dərəcələri vardır
Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç müqayisə dərəcəsi vardır: 1. Adi dərəcə 2. Azaltma dərəcəsi 3. Çoxaltma dərəcəsi
Sifətin adi dərəcəsi
Sifətin adi dərəcəsi əlamətin adi halda olduğunu bildiri. Heç bir xüsusi morfoloji - qrammatik şəkilçisi yoxdur. Məsələn: ağ, qara, şirin, sərin, böyük, kiçik və s. Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Sifətin adi dərəcəsi başqa dərəcələr üçün ölçü, meyar rolunu oynayır. Sifətin adi dərcəsi olmasa, azaltma və çoxaltma dərəcələrini müəyyən etmək olmaz. Deməli, sifətin azaltma və çoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.
Sifətin azaltma dərəcəsi
Sifətin azaltma dərəcəsi əlamətin adi haldan az olduğunu bildirir. Azalma dərəcəsi iki üsulla düzəlir: 1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri artırmaqla: -ımtıl4: ağ-ımtıl, boz-umtul, göy-ümtül və s. -imtraq ( -mtraq ): ağ-ımtraq, sarı-mtraq və s. -sov ( -ımsov, -ümsov ): uzun-sov, ağ-ımsov, göy-ümsov və s. 2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərə əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi qoyulur: açıq-qırmızı, açıq-sarı və s.
Sifətin çoxaltma dərəcəsi
Sifətin çoxaltma dərəcəsi əlamətin adi haldan çox olduğunu bildirir. Sifətin çoxaltma dərəcəsi də azaltma dərəcəsi kimi iki üsulla düzəlir: 1. Morfoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ilə düzəlir: a) Adi dərcədə olan sifətlərin sonuna -ca2 şəkilçisini artırmaqla: canlı-ca, körpə-cə və s. b) Sifətin ilk hecasının son samitinin m, p, r, s samitlərindən biri ilə əvəz olunması və sifətin təkrar ona qoşulması ilə: göm-göy, qıp-qırmızı, dos-doğru və s. 2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha, olduqca ədatlarından biri, düm hissəciyi və tünd sözü artırmaqla.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.