Köməkçi nitq hissələri hansılardır
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, əsasən, leksik şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində dörd köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. O zaman Köməkçi nitq hissələri hansılardır. Köməkçi nitq hissələri - qoşma, bağlayıcı, ədat və modal sözlər. Bir çoxları nidanı da köməkçi nitq hissələri sırasına aid etsə də, əslində nida köməkçi nitq hissəsi yox, xüsusi nitq hissəsidir, beləki, nidalar yalnız hiss və həyəcanı ifadə edirlər.
Qoşma
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşma qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət; Zaman; Məsafə; İstiqamət; Bənzətmə; Fərqləndirmə; İstinad; Səbəb, məqsəd; Aidlik.
Bağlayıcı
Bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Sintaktik funksiyasına görə yəni, cümlədəki vəzifəsinə görə bağlayıcılar iki yerə bölünür: 1. Tabesizlik bağlayıcıları - həm sadə cümlədə, həm də tabesiz mürəkkəb cümlələrdə işlənir. Sadə cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin isə tərkib hissələrini bir birlərinə bağlayır. 2. Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərkib hissələrini bir-birlərinə bağlayır.
Tabesizlik bağlayıcıları
Tabesizlik bağlayıcıları bərabərhüquqlu üzvləri — cümlənin həmcins üzvlərini, eləcə də tabesiz cümlənin tərəflərini birləşdirir. Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri vardır: Birləşdirmə bağlayıcıları: və, ilə (-la2); Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə; İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin; İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki; Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. İlə hissəciyi qoşma kimi işlənərkən qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur.
Tabelilik bağlayıcıları
Tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir. Tabelilik bağlayıcılarının 4 qrammatik məna növü var: Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki; Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki; Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki; Aydınlaşdırma bağlayıcıları: ki, belə ki.
Ədat
Ədat sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz. Ədat cümlədə ifadənin səlisləşməsinə kömək edir. "Məgər bunu sizə deməmişdik?" — cümləsində "məgər" ədatı bütövlükdə cümlənin təsir gücünü artırır. "Sən ki belə deyildin" cümləsində "ki" ədatı "sən" sözünün təsir gücünü artırır. Ədatlar söz və ya cümlələrin mənasını qüvvətləndirməyə xidmət etdiyi üçün onları cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər zəifləyə bilər. Məsələn: "Ən gözəl qız gəlsin" — "Gözəl qız gəlsin". Ədatların qrammatik mənası söz və cümlələrin təsir gücünü artırmağa xidmət etməsidir. Cümlədə ədat işləndikdə qarşı tərəfin — dinləyicinin diqqətini konkret həmin hissəyə yönəldir.
Ədatın mənaca növləri
Ədatın mənaca növləri aşağıdakılardır: Qüvvətləndirici ədatlar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2; Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl; Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, təkcə, tək, bircə, bir; Sual ədatları: məgər, yəni, bəs, -mı4; Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə; Arzu ədatları: kaş, kaş ki, təki, barı; Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox3 Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər ədatlarıdır.
Modal sözlər
Modal sözlər - danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca aşağıdakı növləri var: 1. Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür. "Əlbəttə, hər şey yaxşı olacaq." "Doğrusu, yadımdan çıxdı." 2. Ehtimal və şübhə bildirən modal sözlər: gərək (gərək ki), yəqin (yəqin da), görəsən, görən, görünür (görünür ki), , ehtimal ki, bəlkə, (bəlkə də), güman ki, olsun ki. "Güman ki, o, sabah gələcək." "Bəlkə də, qaytardılar." 3. Nəticə bildirən modal sözlər: demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət. "Deməli, yola düşmək lazımdır." "Nəhayət, imtahanlar başa çatdı." 4. Bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil ki. " Sanki məni görmürdü. " 5. Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə, bizcə, zənnimcə. "Məncə, tezliklə qayıdacaq."
Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.