Nida

Nida — danışanın hiss və həyəcanını ifadə edən xüsusi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların leksik və qrammatik mənaları yoxdur. Bu səbəbdən də nida xüsusi nitq hissəsi hesab olunur.



Nidaların mənaca növləri

Nidaların mənaca növləri aşağıdakılardır:
1. Sevinc, heyranlıq, qorxu bildirənlər: bəh-bəh, of, ura, paho, oxqay, ay can - ay can. Məsələn:
"Paho!" "Ay Salam, xoş gördük."
2. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məsələn:
"Vay-vay, bu nə işdi başıma gəlir?" "Ah, əfsus, keçdi o gözəl günlər." "Vah! Batdıq biz."
3. Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məsələn:
"A bala, bir bura gəl." "Ehey, atlılar, xan evinə gedərsiz..."
4. Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məsələn:
"Xox, qorxdum səndən." "Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu."
5. Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh və s. Məsələn:
"Ah, keçdi artıq o günlər." "Of, əllərin qurusun, cəllad."

Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər.

Xüsusi nitq hissəsi

Nida

Nidaların orfoqrafiyası

Nidalar cümlənin əvvəlində, ortasında və axırında işlənə bilər. Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur.

Nidaların quruluşca növləri

Nidaların quruluşca növləri iki cürdür:
Sadə nidalar: aah, eh, ay, of, əşi və s.;
Mürəkkəb nidalar: ay aman, ay can, xa-xa-xa, of-of, ay-vay.

Nidaların bir qrupu digər nitq hissələri ilə qrammatik omonimlik yarada bilir:
Ay (isim kimi):
"Ay və Yer birlikdə Günəş ətrafında ildə bir tam dövr edirlər."
Ay (nida kimi):
"Ay kişi, daha bəsdir!"
Ox (isim kimi):
"Artıq ox yayından çıxıb."
Ox (nida kimi):
"Ox, necə yorulduğumu bir bilsən!"
Ax (fel kimi):
"Su kimi ax."
Ax (nida kimi):
"Ax, o günlərim."
Oy (fel kimi):
"Taxtanı yaxşı oy"
Oy (nida kimi):
"Oy, sən nə danışırsan?"

Çağırış bildirən "a", "ay", "ey" nidalarından sonra vergül qoyulmur. Məsələn, "Ay Bəyim, hardasan?". "Ey" nidası ismə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra verğül qoyulur. Məsələn, "Ey, bura bax."


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.