Söz yaradıcılığı
Bu dərsimizdə biz söz yaradıcılığından danışacağıq. Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının 2 əsas üsulu var: 1. Leksik şəkilçilərin köməyi ilə yeni – düzəltmə sözlərin yaranması. Məsələn: "Su+çu, su+lu, su+la" və s. Leksik şəkilçilərin köməyi ilə düzəltmə sözlərin yaranması qaydası morfoloji üsul adlanır. 2. İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni mürəkkəb sözlərin yaranması: "ayaq və qab – ayaqqabı, uca və boy – ucaboy, aş və süzən – aşsüzən" və s. Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Eyniköklü sözlər
Eyni bir kökdən düzələn sözlər eyniköklü sözlər adlanır. Məsələn: "ov-ovçu-ovla(maq) – ovlaq;" "duz-duzlu-duzsun-duzla(maq);" "kəs(mək)-kəskin-kəsik-kəsici" və s.
Eyniköklü sözlər nümunələrdən göründüyü kimi, həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Eyniköklü sözlər yalnız düzıltmə sözlər sayılır. Məsələn, "yazdım, yazır, yazı, yazlıq, yazıçı, yazıçılıq" sözlərindən yalnız 3 söz düzəlmə söz eyniköklü söz sayılır. Çünkü, "yazı, yazıçı və yazıçılıq" düzəltmə sözlərinin hər üçünün kökü "yaz" felidir. "Yazlıq" sözü də düzəlmədir, ancaq bu söz "yaz (bahar)" ismindən düzəlmişdir. "Yazdım, yazır" sözləri isə qrammatik şəkilçili sadə sözlərdir.
Düzəltmə sözlər
Dilimizdə bəzi düzəltmə sözlər iki və daha artıq leksik şəkilçinin köməyi ilə yaranır. Bu o deməkdir ki, bir düzəltmə sözdən başqa bir düzəltmə söz yaratmaq olur. Məsələn: "yaz – yaz+ı, yazı+çı, yazıçı+lıq"; "ək - ək+in, əkin+çi, əkinçi+lik"; "üz – üz+gü, üzgü+çü, üzgüçü+lük".
Sonu iki samitlə (ya hər ikisi cingiltili samitlə, ya da birincisi kar, ikincisi cingiltili samitlə) bitən bəzi təkhecalı sözlərə samitlə başlayan leksik (və ya) qrammatik şəkilçi qoşulduqda üç samitin yanaşı gəlməsi tələffüzü çətinləşdirir. Buna görə həmin sözlərin kökündəki samitlərin arasına tələffüzdə bir sait səs artırılır. Məslən: "üzv – üzv+lük – [ üzüvlüx’ ], rəhm – rəhm+li [ rəhimli ], üzr – üzr+süz [ üzürsüz ] " və s. Bu cür düzəltmə sözləralınma sözlər sayılır.
Sonu iki kar samitlə bitən sözlərə isə samitlə başlanan hər hansı bir şəkilçi qoşulduqda kökdəki samitlərdən ikincisi tələffüz olunmur. Məsələn: "dost – dost+luq [ doslu’ ], neft – neft+çi [ nefçi ],üst – üst+də [ üsdə ] " və s. Bu cür düzəltmə sözlər də əsasən alınma sözlər olur.
Mürəkkəb sözlər
İki (bəzən daha çox) sözün birləşməsi ilə yaranan yeni mənalı sözlər mürəkkəb sözlər adlanır. Mürəkkəb sözlər bir neçə yolla yaranır: 1. İki müxtəlif mənalı sözün birləşməsi ilə: "dəvəquşu, üçbucaq, əlüzyuyan" və s.; 2. Yaxın mənalı sözlərin birləşməsi ilə: "səs – küy, qohum – qardaş, toyuq – cücə" və s.; 3. Antonim sözlərin birləşməsi ilə: "yer – göy, az-çox, gecə-gündüz" və s.; 4. Eyni sözün təkrarı ilə: "səhər-səhər, yavaş-yavaş, tez-tez" və s.
Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə və ayrı. İki müxtəlif mənalı sözün birləşməsindən düzələn və vurğusu ikinci sözün üzərinə düşən mürəkkəb sözlər bitişik yazılır. İki sözün birləşməsindən düzələn və məcazi mənada işlənən mürəkkəb sözlər də bitişik yazılır: "üzüyola, suyuşirin, qaradinməz" və s. Birinci hissəsi "qeyri" sözündən ibarət olan mürəkkəb sözlər və tərəflərindən biri (bəzən də hər ikisi) ayrılıqda işlənməyən sözlərdən düzələn mürəkkəb sözlər də defislə yazılır: "qeyri-adi, qeyri-ciddi, çör-çöp, az-maz, kələ-kötür" və s. Mürəkkəb fellər və mürəkkəb saylar ayrı yazılır: "qəbul olmaq, kömək etmək, on beş, yüz otuz" və s.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.