CSS nədir?
Bu kursda biz CSS-i, yəni stil cədvəllərini öyrənəcəyik. Lakin kursumuza başlamazdan əvvəl bu giriş dərsdə bir sıra məsələrə toxunmaq və ümumiyyətlə CSS-in nə olduğunu, işləmə mexanizmi barədə biraz sizi məlumatlandırmaq istəyirəm. İlk öncə onu qeyd edimki, əgər sizin HTML dilindən anlayışınız yoxdursa, və ya ümumiyyətlə bu dil ilə tanış deyilsinizsə o zaman bu kursu öyrənməzdən əvvəl HTML dilini öyrənməlisiniz. Çünki stil cədvəlləri məhz HTML faylına qoşulur. Əgər siz HTML dilini bilmirsinizsə, o zaman onlinekurs.az saytında HTML dili kursunu keçməlisiniz. Yalnız HTML kursunu keçdikdən sonra CSS-i öyrənməyə başlaya bilərsiniz.
Beləliklə CSS nədir? HTML kursunda dəfələrlə dediyimiz kimi HTML elementlərindən yalnız səhifənin karkasını, yəni skeletini yığmaq üçün istifadə edilir. Formatlaşdırmaq üçün isə CSS-dən istifadə olunur. HTML-in formatlaşdırma elementləri köhnəlmiş hesab olunsa da, onlardan istifadə etmək məsləhət görülməsədə brauzerlər HTML-in formatlaşdırma elementlərini hələ də dəstəkləyir və onların əks olunmasında heç bir problem yaşanmır. O zaman siz deyə bilərsinizki əgər HTML elementləri ilə formatlaşmış saytların əks olunmasında heç bir problem yaşanmırsa o zaman nəyə görə CSS-i öyrənməliyik? Bəli siz HTML ilə işlək bir sayt yığa bilərsiniz, lakin bu səhifə çox sadə bir səhifə olacaqdır. CSS isə sizə profesional səviyyədə sayt yığmağa imkan verir. Həmçinin CSS-in imkanları daha genişdir, buradakı funksiyaların çox hissəsi HTML elementləri ilə verilə bilmir. Digər ən önəmli məqam isə ondan ibarətdirki, tutaq ki, siz formatlaşdırmanı HTML elementləri ilə etmisiniz və sizin saytınız çox kiçik bir saytdır, məsələn, 10 səhifədən ibarət bir saytdır, və siz hansısa elementi tutaq ki, şriftlərin rəngini başqa rənglə əvəz etmək istəyirsiniz. O zaman siz bütün bu 10 HTML səhifəsinin hər birində ayrılıqda yenidən şriftlərin formatını qeyd edib rəngini dəyişməlisiniz. İndi isə təsəvvür edin ki, sizin saytınız 10 səhidən yox, 1000 və ya daha çox səhifədən ibarətdir. Qəbul etməlisiniz ki, bütün bu səhifələrdə bir-bir formatlaşma aparmaq çətin olacaq, nəticədə siz buna ən yaxşı halda bir neçə gün vaxt itirəcəksiniz, ən pis halda isə ürəyinizcə olmayan formatla razılaşıb format etməyəcəksiniz. Lakin, əgər siz artıq öncədən formatlaşmanı CSS vasitəsilə etsəydiniz istənilən sayda səhifələrinizin olmağına baxmayaraq CSS faylında yalnız bircə dəyişiklik etməklə siz bütün səhifələrdə avtomatik bu formatlaşmanı etmiş olacaqsınız. Nəticədə minlərlə səhifəsi olan saytın formatlaşmasını siz artıq bir neçə günə deyil, bir neçə saniyəyə həyata keçirmiş olursunuz. Kursu keçdikcə praktikada siz artıq CSS-in üstün cəhətlərinin şahidi olacaqsınız və CSS nədir? sualı sizin üçün sual olmaqdan çıxacaqdır. XHTML dilinde ise sehifelerin formatlaşdırılması yalnız CSS ilə mümkündür.
Stil cədvəlinin HTML faylına qoşulması
İndi isə gəlin CSS-in işləmə texnologiyasına baxaq, ümumiyyətlə CSS necə işləyir onu öyrənək. Hal-hazırda biz yalnız HTML səhifəsi yaratmağı öyrənmişik. Bildiyimiz kimi, biz HTML faylı ilə saytın karkasını yaratdıq, indi isə ona stil cədvəlini qoşmaq lazımdır. Bunu etmək çox asandır, HEAD elementi daxilində biz xüsusi teq qeyd edəcəyik və göstərəcəyik ki, biz "stil.css" faylını bu sənədə qoşuruq. Yəni bu stil cədvəlidir, istənilən stil cədvəli ".css" genişlənməsi ilə verilməlidir, adı isə istənilən ad ola bilər, bunu artıq özünüz seçirsiniz. Beləliklə, biz HEAD elementi daxilində belə bir parametr qeyd edirik, brauzer bu sətrə çatanda isə başlayır "stil.css" adlı faylı axtarmağa, əlbəttə biz burada ona gedecek ünvanı da qeyd etməliyik. O, bu faylı tapdıqdan sonra həmin CSS faylını bizim sənədə qoşur və qoşulan həmən stil cədvəlindəki əmrləri, qeydləri bu HTML sənədinə tətbiq etməyə başlayır.
CSS faylının özündə müəyyən sayda stil qaydası qeyd edilir. Stil brauzerə hər hansı elementi necə əks etdirmək lazım olduğunu göstəriş verir və ya ümumilikdə həmən elementlə nə etmək lazım olduğunu da qeyd etmək mümükündür, çünki biz stil cədvəli vasitəsilə elementi gizlədə də bilərik, yerini dəyişə də bilərik, ümumiyyətlə burada imkanlar genişdir və bir çox şey etmək mümkündür.
Beləliklə stil cədvəli qoşulduqdan sonra brauzer BODY sahəsinə çatdıqda BODY konteyniri daxilində qeyd edilmiş bütün elementləri artıq qoşulmuş bu stil cedvelindəki göstərişlərə uyğun əks etdirəcəkdir. Məsələn, stil cədvəlində qeyd edilə bilərki bütün başlıqlar qırmızı rəngdə olmalıdır, və ya stil cədvəlində qeyd edilə bilərki bütün şəkillər sağ tərəfdən əks olunmalıdır. Brauzer bu şəkilə çatan kimi onu avtomatik olaraq sağ tərəfdən əks etdirəcəkdir. Yəni dolayısı yolla stil cədvəlləri sənəddəki elementlərin necə əks olunması üçün əlavə göstərişlərdir.
Beləliklə, düşünürəmki mən artıq CSS in nə üçün lazım olduğuna qısa da olsa aydınlıq gətirə bildim, əgər sizə bu tam aydın olmadısa heç narahat olmayın, siz CSS dərslərini izlədikcə artıq praktiki cəhətdən bu texnologiyanın imkanlarının şahidi olduqca sizə hər bir amil aydın olacaqdır. Bu giriş dərsdə düşünürəmki bu qədər kifayətdir, biz artıq CSS ilə tanış olduq, CSS nədir? sualına aydınlıq gətirdik və gələn dərsimizdən etibarən isə biz stil cədvəlini sənədimizə qoşmağı və ilk stillərimizi qeyd etməyi öyrənəcəyik.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.