Ev heyvanları ingiliscə

Bu dərsdə ev heyvanları ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.


Ev heyvanları ingilis dilində

Ev heyvanlarının adları ingilis dilində

Ev heyvanlarının adlarını ingilis dilində bilmədən, ingilis dilli bir insanla söhbət edərkən məlumatın əhəmiyyətli bir hissəsini itirmə riski daşıya bilər, hətta həmsöhbətinizin ümumiyyətlə nə barədə danışdığını başa düşməyə bilərsiniz. Ev heyvanları ingiliscə mövzusu, eyni ilə hava haqqında mövzu kimi yeni tanış olduğunuz və danışacaq ortaq bir mövzunuz olmayan həmsöhbətinizlə danışarkən müraciət edilə biləcək mövzulardandır. Əlbəttə əgər həmsöhbətinizin ev heyvanı da varsa, deməli, siz söhbəti asanlıqla ələ alacaqsınız.

İngilis dilində ev heyvanlarının adları həm uşaqlar, həm də böyüklər tərəfindən həvəslə öyrənilir. Uşaqlar üçün mücərrəd şeylərdən daha çox ingilis dilində ev heyvanlarının adlarını xatırlamaq daha asandır. Uşaqların ingilis dili dərslərində soruşduğu ilk suallardan biri də məhz "ev heyvanlarının adlarını ingilis dilində nədir?" sualıdır.

İngilislər bütün ev heyvanlarını iki yerə bölürlər: insana fayda gətirən, yəni onların müəyyən bəhrəsini görən ev heyvanları - bunlara "domestic animals" deyirlər. Misal üçün inək, qoyun, toyuq və s. Digər ev heyvanları isə sırf əyləncə, hətta bəzilər üçün möhkəm dostluq rolu oynayan və sırf evin içində saxlanan it, pişik kimi ev heyvanları. Bu ev heyvanları ingilis dilində "pets" adlanır.

Ümumiyyətlə ingilis dilində ev heyvanlarının adlarını bilməyiniz vacibdir. Çünki, gündəlik həyatda ingiliscə ev heyvanların adlarına tez -tez rast gələcəksiniz. Beləki, ingilislər və amerikalılar, Azərbaycanlılar kimi, ev heyvanlarının və ya vəhşi heyvanların adlarını hər hansı insanlarla müqayisə etməyə və ya onlarla müəyyən əlamət və xasiyyətə görə qarşılaşdırmağı sevirlər, eləcə də müxtəlif atalar sözlərində və deyimlərində istifadə etməyə meyllidirlər.

"Goat" yəni "keçi" sözü haqqında da bir maraqlı məqamı nəzərinizə çatdırmaq istəyirəm. Beləki, yazıda və yaxud hər hansı bir ingilis dilli ilə söhbət edərkən kimin haqqındasa "goat" sözü işlədə bilərlər. Məsələn:
"Cristiano Ronaldo is the GOAT that never stops and last night again he proved that history will only see once this greatest of the Legends. "
"Kristiano Ronaldo heç vaxt dayanmayan keçidir və dünən gecə o, bir daha sübut etdi ki, tarix əfsanələrin ən böyüyünü yalnız bir dəfə görəcək."
Əlbəttə, burada kimsə keçi olaraq adlandırılmır. Əslində bu ingilis dilində ev heyvanının adı deyil, yəni burada söhbət keçidən getmir. Burada işlədilən "goat" sözü əslində akronimdir, yəni bu söz "Greatest of All Time" söz birləşməsinin baş hərflərindən götürülmüş, "Bütün zamanların ən böyüyü" mənasında işlədilən bir termindir.

Ev heyvanlarının çıxartdığı səslər ingilis dilində

İngilis dilində heyvanlar cansızlara aid edilir. Heyvanlar ingilis dilində "it" əvəzliyi ilə işlədilir. Lakin, burada istisnalara da vardır. Bu istisnalar isə nağıllarda və rəvayətlərdə olurki, hansı ki, bu nağıllarda heyvanlara insani xüsusiyyətlər təhkim olunur, hətta nağıllarda onlar insan kimi ingiliscə danışa da bilirlər. Nağıllarda və cizgi filmlərində bu heyvanların adları olur və onlar istisna hal olduqları üçün "he" və ya "she" əvəzlikləri ilə işlədilirlər.

Bu istisna hal ev heyvanlarına da aiddir. İnsanlar evdə saxladıqları heyvanları ailə üzvü və ya dost kimi qəbul edirlər, buna görə də biz onlara da "he" və ya "she" əvəzliklərini təhkim edirik.

Uşaqlar üçün İngilis dilində ev heyvanlarının adları mövzusu, ingilis dilli ölkələrin sakinlərinin anlayışına görə ev heyvanlarının necə səslər çıxartdığını izah etsəniz daha maraqlı olacaq. Məsələn, Azərbaycan dilində pişik "miyolduyur", yəni miyav səsi verir. İngilis dilində bu fel "meow" [miːˈaʊ] sözünə uyğundur. İngilis dilində toyuğun "qaqqıldaması" "cluck" [klʌk] feli ilə ifadə olunur. İngilislər itin hürməsini "bow-bow" və ya "woof-woof" kimi, qoyunun mələməsini - "baa-baa", siçanın "cızıltısını" isə - "squeak-squeak" kimi eşidirlər. İngilis dilində xoruz isə səhər saatlarında "quqqiliqu" yox, "cock-a-doodle-doo" kimi çağırır. İngiltərədəki uşaqlar atın kişnəməsini "neigh-neigh", donuzun çıxardığı səsi "oink-oink", quşların civiltisini isə "chirp" kimi eşidirlər.

Eyni zamanda müəyyən heyvanların hərəkətlərini xarakterizə etməyə kömək edəcək başqa bir fel siyahısı:
"moo" [muː] - möüldəmək (inək)
"purr" [pɜː] - mırıldamaq (pişik)
"tweet" [twiːt] - ciggildəmək (quş)
"quack" [kwæk] - ördək səsi
"howl" [haʊl] - ulamaq (it və canavar)
"bleat " [bliːt] - bəyirmək, mələmək (qoyun, keçi)
"bark" [bɑːk] - hürmək (it)

Uşaqlar üçün ingilis dilində ev heyvanları çox maraqlı bir mövzudur. Uşaqlar şəkillərin, cizgi filmlərinin, sadə mahnıların və şeirlərin köməyi ilə heyvan adlarını asanlıqla xatırlayır. Heyvanlar təkcə uşaqlar üçün deyil, eyni zamanda ingilis dilini öyrənən böyüklər üçün də faydalı olan bir çox uşaq nağıllarında yer alır. Eyni zamanda heyvanlar haqqında ingilis dilində bir çox verilişlər də izləmək mümkündür. Əlbəttə bunun da sizə çox faydası olar. Bəzən müxtəlif heyvanların adlarını sadalayan ritmik uşaq mahnılarını da dinləmək faydalıdır.

"Cock" yoxsa "Rooster" hansı düzdür?

"Cock" qədim ingilis dilində erkək ev quşu deməkdir və bu, hələ də Britaniyada xoruz üçün işlədilən ümumi sözdür. "Rooster" əsasən təmkinli evfemizmdir, Britaniyda nadir işlədilir, lakin, Şimali Amerikada bu xoruz üçün işlədilən sözə çevrilmişdir. Kişi cinsiyyət orqanı üçün danışıqda istifadə edilən "cock" sözü Amerikada olduğu kimi Britaniyada da geniş yayılmışdır. "Cock" sözünün penisin qeyri-rəsmi sinonimi kimi istifadə edilməsi amerikançılıq deyil, Sadəcə olaraq, britanlar eyni sözü hər iki mənada işlədirlər. "Cock" sözü kişi cinsiyyət orqanı üçün Amerikada jarqon olduğundan, xüsusi olaraq xoruz döyüşünə istinad edildiyi hallar istisna olmaqla, Amerikada (İngiltərədə deyil!) istifadə olunmur. Beləliklə, "Chicken" cinsiyyətsizdir, "hen" dişi toyuqdur. "Rooster" "Cock" və "Cockerel" erkək cins toyuqlardır, "chick" isə cinsiyyətlərinə fərq qoyulmadan cücələrə deyilir.

"Sheep", "Ram" və "Ewe" arasındakı fərq nədir?

"Ram" və "Sheep" arasındakı fərq nədir sualına cavab verərkən cavab aydındır, çünki onlar eyni heyvandır! Sadəcə olaraq "sheep" ümumi mənada, yəni cinsiyyəti fərqi qoyulmadan qoyunu bildirmək üçün istifadə edilir. Bu zaman "Ram" dedikdə erkək qoyun, yəni qoç nəzərdə tutulur, "Ewe" isə dişi qoyunu bildirmək üçün istifadə edilir. "Lamb" isə cinsiyyətinə fərq qoyulmadan bütün quzulara deyilir.

ev heyvanları ingiliscə

İngilis dilində ev heyvanlarının adları

Ev heyvanları mövzusunda ingilis dilində deyim və atalar sözləri

"Care killed the cat." - Qayğı (baxım) pişiyi öldürdü.

"Don̓t look a gift horse in the mouth." - Hədiyyə olunmuş atın ağzına baxma (Azərbaycanca analoqu: - Hədiyyənin yaxşısı pisi olmaz.)

"When pigs fly." - Donuzlar uçanda (Azərbaycanca analoqu: - Dəvənin quyruğu yerə dəyəndə. )

"Don̓t count your chickens before they are hatched." - Cücələrini yumurtadan çıxmamış sayma. (Azərbaycanca analoqu: - Cücəni payızda sayarlar.)

"Honey is sweet, but the bee stings." - Bal şirindir, amma arı sancır.

"Everyone calls his own geese swans." - Hər kəs öz qazını ququşu adlandırır. (Azərbaycanca analoqu: - Hərə öz malını tərifləyir. )

"Every dog is valiant at his own door." - Hər it öz qapısında cəsarətlidir.

"Set a beggar on horseback and he'll ride to the devil." - Dilənçini at belinə qoy, əzrailə kimi çapacaq.

"Take the bull by the horns." - Buğanı buynuzlarından tutmaq. (yəni maneələri cəsarətlə qarşılamaq və aradan qaldırmaq üçün bütün imkanlardan istifadə etmək. )

"A horse stumbles that has four legs." - Dörd ayağı olan at belə büdrəyir. (Azərbaycanca analoqu: - Hər kəs səhv edə bilər. )

"As busy as a bee." - Arı kimi məşğul. ( İşinin çox olması mənasında. )

"The dog barks, but the caravan goes on." - İt hürər karvan keçər.

"Dog does not eat dog." - İt iti yemir. (Azərbaycanca analoqu: - İt itin ayağını taptalamaz.)

"It rains cats and dogs." - İt pişik yağır. (Azərbaycanca analoqu: - Elə yağır ki, tut ucundan qalx göyə.)

"Have more lives than a cat." - Pişikdən çox canı olmaq.

"It's no place to swing a cat." - Pişik üçün dönməyə yer yoxdur. (Azərbaycanca analoqu: - İynə atsan yerə düşməz.)

"Every dog has his day." - Hər itin öz günü var (Azərbaycanca analoqu: - Vaxt gələr biz tərəfdə də bayram olar)

"Like a cat on hot bricks." - Qaynar kərpiç üzərindəki pişik kimi (Azərbaycanca analoqu: - İynə üstündə oturmaq.)

"То kill two birds with one stone." - Bir daşla iki quş öldürmək (Azərbaycanca analoqu: - Bir daşla iki quş vurmaq.)

"Never fry a fish till is caught." - Balığı tutmazdan əvvəl qızartma. (Azərbaycanca analoqu: - Arxı keçməmiş hop demə.)

"A lazy sheep thinks its wool heavy." - Tənbəl qoyun düşünürkü ağır olan onun yunudur.

"A good horse is seldom spurred." - Yaxşı at özünə qamçı vurdurmaz.

"Barking dogs seldom bite." - Hürən it qapmaz.

"Cat and dog life." - İt və pişik həatı (Azərbaycanca analoqu: - İtlə pişik kimi yaşamaq.)

"Love me, love my dog." - Məni sevirsən - itimi də sev (Azərbaycanca analoqu: - Gülü sevən tikanına dözər. )

İngiliscə ev heyvanlarının adlarının yazılış və tələffüzü.

[ dəˈmestɪk ˈæn.ɪ.məlz ] Ev heyvanları
[ dɒɡ ] İt
[ ˈpʌp.i ] Küçük
[ kæt ] Pişik
[ ˈkɪt.ən ] Pişik balası
[ ʃiːp ] Qoyun
[ ræm ] Qoç
[ læm ] Quzu
[ ɡəʊt ] Keçi
[ kɪd ] Oğlaq
[ ˈkæt.l̩ ] Mal-qara
[ kaʊ ] İnək
[ bʊl ] Öküz
[ ˈbʌf.ə.ləʊ ] Camış
[ kɑːf ] Buzov
[ hɔːs ] At
[ fəʊl ] Qulun
[ ˈdɒŋ.ki ] Eşşək
[ ˈkæm.əl ] Dəvə
[ pɪɡ ] Donuz
[ pɪɡ .lət ] Donuz balası
[ hen ] Toyuq
[ ˈruː.stər ] Xoruz
[ tʃɪk ] Cücə
[ dʌk ] Ördək
[ ˈdʌk.lɪŋ ] Ördək balası
[ ɡuːs ] Qaz
[ ˈtɜː.ki ] Hinduşka
[ ˈræb.ɪt ] Dovşan
[ ˈhæm.stər ] Xamyak
[ biː ] Arı

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.