ъ və ь hərfləri
Biz rus dili kursu üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz ъ və ь hərflərindən danışacağıq.
ъ və ь hərfləri heç bir səsi ifadə etmir. Bu hərflərə ayırıcı hərflər də deyilir. Yəni bu hərflər sözün ortasında özündən əvvəl və sonra gələn hərfləri tələffüz zamanı bir birindən ayırır. Məsələn: "ателье", "барьер", "необъятный" və s. Bu hərflər yalnız ayırıcı kimi çıxış etmir, həmçinin bir sıra digər xüsusiyyətləri də vardır. Əsas xüsusiyyətləri isə adlarından da gördüyünüz kimi bu hərflər özündən əvvəl gələn hərfi yumşaldır – "ь" hərfinin timsalında, və ya sərtləşdirir – "ъ" hərfinin timsalında. Bunlardan əlavə, keçən dərsimizin birində dedimiz kimi, "ь" və "ъ" ayırıcıları özündən sonra gələn "я", "е", "ё", "ю" hərflərinin birincisinin [ й ] samit səsi olmaqla 2 səslə tələffüz olunduqlarını bildirirlər.
ъ hərfi
İlkin olaraq "ъ" hərfindən danışaq. ъ hərfi, "ь" hərfi kimi sait səsi samit səsdən ayırır. Burada fərq ondadır ki, dediyimiz kimi "ь" kimi özündən əvvəl gələn samiti yumşaltmır. Buna görə də ona "твердый знак" deyirlər. Məsələn: "съел" sözündə "твердый знак" işlədilmişdir. Burada özündən əvvəl gələn "c" səsi sərt samitdir.
"ъ" hərfi yalnız "я", "е", "ё", "ю" hərflərindən əvvəl gəlir. Bəs nə zaman? Hər zamanmı bu hərflərdən əvvəl gəlir? Əlbəttə yox. Bunun üçün bir sıra şərtlər olamlıdır: 1. "ъ" hərfi samitlə bitən sözönülərdən sonra gəlir və sözönünü sözün kökündən ayırır. Məsələn: "подъезд" sözündə gördüyünüz kimi "ъ" hərfi "под" sözönü ilə "езд" kökü ("ехать" sözün köküdür) arasında işlədilmişdir. Diqqət yetirin, burada "под" sözönü samit hərflə bitmişdir. 2. "ъ" hərfi eyni zamanda birinci tərəfi "двух-", "трех-", "четырех-" sayı olan mürəkkəb sözlərdə də işlədilir. Məsələn: "трехъярусный". 3. Alınma sözönüləri olan "аб-, ад-, диз-, ин-, интер-, кон-, контр-, об-, суб-, транс-" sözönülərindən sonra "ъ" işlədilir. Məsələn: "адъютант", "инъекция", "объект", "субъект", "трансъевропейский" və s. "Трансарктический" sözünə diqqət yetirsək görərik ki, burada "ъ" hərfi işlədilməyib. Səbəbi isə dediyimiz kimi "ъ" yalnız "я", "е", "ё", "ю" hərflərindən əvvəl gəlir, "Трансарктический" sözündə isə "Транс" sözönündən sonra gələn "арктиka" sözünün ilk hərfi olan "а" hərfi gəlir, lakin eyni qaydanın başqa sözünə diqqət yetirinsək: "трансъевропейский" sözündə burada "Транс" sözönüdən sonra gələn "европa" sözü "европa" hərfi ilə başlanır, deməli bunların arasında "ъ" ayırıcısı iştirak etməlidir.
ь hərfi
İndi isə "мягкий знак" hərfindən danışaq. Adından da göründüyü kimi bu hərf özündən əvvəl gələn hərfi yumşaldır. Bunu misal üzərində aydınlaşdıraq. Məsələn: "ученье" sözündə ь hərfi işlənir. Diqqət yetirsəniz "ь" hərfi özündən əvvəl gələn "н" samitini yumşaldır və "н" səsini "e" səsindən ayırır. Tələffüzə diqqət yetirsəniz bu çox aydın səslənir. İndi isə gəlin "ь" hərfini bu sözdən çıxartsaq o zaman "учене" sözü əmələ gəlir. Bu söz nəinki düzgün tələffüz olunmadı, heç rus dilində belə bir söz ümumiyyətlə yoxdur.
Beləliklə "ь" hərfindən sözün ortasında (lakin, sözönülərdən sonra yox), tələffüzdə samiti həmin samitdən sonra gələn "и", "е", "ю", "я" hərflərindən ayırmaq üçün istifadə edilir: "карьер, вьюн, бурьян, подьячий, семья, ружье, ночью, чья, пью, шью."
Eyni zamanda мягкий знак hərfi sözlərin sonunda da işlədilir. Yəni bu hərfə ayrıcı desək də bu hər zaman "ученье" sözündə olduğu kimi ayrıcı kimi çıxış etməyə də bilər. "Огонь" sözündə "мягкий знак" hərfi sözün sonunda gəlib və o hansısa hərfi ayırmır, beləki ondan sonra bu sözdə heç ayrılası hərif də yoxdur, yəni o sözün sonunda işlədilib. Burada o, sadəcə özündən əvvəl gələn səsi yumşaldır.
Bu hərfə biraz diqqətlə yanaşmaq lazımdır, çünki bu hərfin sözdə işlənib işlənməməsi həmin sözün başqa məna verməsi ilə də nəticələnə bilər. Məsələn: "хорь" (bərə) sözündəki "ь" hərfini götürsək bu söz tam başqa mənanı ifadə edəcək - "хор" (xor). Digər bir misala baxaq - "Уголь" (kömür) sözündəki "ь" hərfini götürsək o zaman "Угол" (künc) mənasını bildirəcəkdir.
Sözün oratsında yumşaq "л" samitindən sonra "мягкий знак" hərfi işlədilir. Lakin, əgər bu qoşa "л" samiti olarsa o zaman "мягкий знак" hərfi işlədilmir. Məsələn: "гулливый, аллея, иллюзия.".
Bir məqama da toxunmaq istəyirəm, bəzi xarici dildən rus dilinə keçmiş alınma sözlərdə "ь" hərfi "o" hərfinin qarşısında da işlənə bilər: "батальон, бульон, гильотина, карманьола, компаньон, миньон, павильон, почтальон, шампиньон."
Eyni zamanda ayırıcı kimi çıxış etməyən "мягкий знак" hərfi qrammatik xüsusiyyət də daşıyır, beləki, bu hərif ismin hansı cinsə aid olduğunu bildirir, beləki, rus dilində isimlər cinsinə görə 3 yerə bölünür – kişi cinsi, qadın cinsi və orta cins. Bu barədə biz isimləri keçərkən ətraflı danışacağıq. Lakin, hələlik şərti olaraq bilin ki, əgər "мягкий знак" hərfi ayırıcı kimi çıxış etmirsə "мышь" sözünün misalındakı kimi o zaman "ь" hərfi "мышь" sözünün ismin qadın cinsinə mənsub olduğunu bildirir.
"ь" hərfindən sonra isimlərdən sifət düzəldən "-ск" sifət şəkilçisi gələrsə o zaman həmin sözdəki "ь" hərfi işlədilmir: "казанский (Казань), кемский (Кемь), сибирский (Сибирь), зверский (зверь), январский (январь)". Lakin, bu qaydaya tabe olmayan istisnalar da vardır: "сентябрьский, октябрьский, ноябрьский, декабрьский, июньский, деньской" sözləri və sonu "-нь" hissəciyi ilə bitən Çin adları: "юньнаньский ( Юньнань)". Bu istisnaları çıxmaq şərti ilə, "ь" hərfindən sonra isimlərdən sifət düzəldən "-ск" sifət şəkilçisi gələrsə o zaman həmin sözdəki "ь" hərfi işlədilmir.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.